Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda tibbi sığorta zəif inkişaf edib

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda tibbi sığorta zəif inkişaf edib
# 31 mart 2009 13:05 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu gün Bakıda İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) «İcbarı tibbi sığorta proqramının tətbiqi prosesinin ilkin mərhələsinin monitorinqi» layihəsinin həyata keçirilməsinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Norveçin Azərbaycandakı səfirliyinin maliyyə, Avrasiya Fondunun təşkilatı dəstəyi ilə həyata keçirilən layihənin məqsədi səhiyyənin maliyyələşməsində əhəmiyyətli rol oynayan icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərin izlənməsi, bu prosesdə qeydə alınan mənfi və müsbət cəhətlərin qiymətləndirməsi və aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq təkliflərin hazırlanaraq ölkə hökumətinə təqdim olunmasıdır.

Tədbirdə İTM-in İdarə Heyətinin üzvü, layihənin əlaqələndiricisi Dünya Camalova qeyd edib ki, 2009-cu ildə icbari tibbi sığortanın tətbiqinə dövlət büdcəsindən 50 mln. manat, 2008-ci ildə isə 4 mln. manat vəsait ayrılıb. Buna baxmayaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılmayıb, onun maliyyələşdirmə mənbəyi müəyyən edilməyib, nizamnaməsi təsdiqlənməyib.

D.Camalovanın sözlərinə görə, layihə çərçivəsində ekspertlər arasında dərinləşdirilmiş müsahibə-sorğu keçirilib. Müsahibəyə 20-dən çox ekspert cəlb olunub. Gələcək tendensiyaları daha dəqiq qiymətləndirmək məqsədi ilə mülkiyyət mənsubiyyətindən (dövlət və özəl) asılı olaraq, tibbi müəssisələrin rəhbərlərinə, Milli Məclisin üzvlərinə, habelə müstəqil yerli və beynəlxalq ekspertlərə müraciət olunub. «Lakin cavabların təhlili respondentlərin tutduqları mövqelərindən asılı olaraq, kifayət qədər səmimi olmadıqlarını göstərib», - deyə İTM təmsilçisi bildirib.

Bununla yanaşı, layihə çərçivəsində Şəki rayonunda 208 nəfər arasında tibbi xidmətin əlyetərliyi, keyfiyyəti, əhalinin dövlət tibb müəssisələrindən pulsuz tibbi yardım almaq imkanlarının qiymətləndirilməsi üzrə sorğu aparılıb. Keçirilən sorğu regionlarda səhiyyə sahəsində problemlərin mövcudluğunu aşkara çıxarıb. Burada kadr çatışmazlığı ilə yanaşı tibb müəssisələrin yetərincə texniki və maliyyə dəstəyinin olmadığı da aşkara çıxıb.

«Sorğunun nəticələrinə görə, dövlət səhiyyə müəssisələrində pullu xidmətlərin ləğv edilməsinə baxmayaraq, keyfiyyətli tibbi yardım almaq hələ də pulludur», - deyə D.Camalova bildirib.

Tədbirdə çıxış edən «Sağlamlığa çağırış» QHT Alyansının ictimai səhiyyə məsələləri üzrə eksperti Süleyman Cəbrayılov qeyd edib ki, Azərbaycan tibbi sığorta sahəsində həddindən artıq geridə qalıb. Ekspertin sözlərinə görə, tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün səhiyyənin inkişafına yönəldilən büdcə vəsaitlərinin həcmini artırmaq, səhiyyə sahəsinin işçilərini stimullaşdırmaq və əhalinin icbari tibbi sığortaya cəlb edilməsi istiqamətində iş aparılmalıdır.

İcbari tibbi sığortaya gəldikdə isə, keçirilən monitorinqin nəticələri onu göstərir ki, bu prosesin maliyyələşməsi çoxvariantlılıq əsasında qurulması məqsədə uyğundur, yəni işçilərin, işəgötürənlərin və dövlətin iştirakı ilə üç tərəf arasında bölüşdürülməsinə üstünlük verilməlidir. Bununla yanaşı, respondentlər ailənin hər üzvündən cüzi miqdarda vəsaitin tibbi sığortaya ödənilməsini və pensiyaçılar kimi tibb müəssisələrdən pulsuz xidmət tələb etməsini təklif edirlər.

Baza sığorta zərfinə gəldikdə isə, ekspertlər bu paketə təcili və təxirəsalınmaz tibb xidmətləri daxil etməyi vacib sayırlar, lakin gələcəkdə bu paketə pulsuz ambulator və stasionar tibb xidmətlərinin də daxil edilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR