Eyni zamanda vurğulamaq lazımdır ki, I rübdə dollar və avronun məzənnələrinin dinamikası dəyişkən olub:
Göründüyü kimi, mart ayına qədər avronun məzənnəsi stabil şəkildə enirdi, lakin ondan sonra tədricən yüksəlməyə başlayıb. Dolların məzənnəsi isə yanvar ayında kəskin artaraq, sonradan tədricən azalmağa doğru istiqamətlənib. Hətta martın əvvəlində 2002-ci ilin dekabrın 23-dən sonra ilk dəfə olaraq avro manatla paritet həddə yaxınlaşıb. Həmin faktı nəzərə almaqla, qeyd etmək olar ki, ötən rüb ərzində avronun maksimal azalması 9,6% təşkil edib.
Manatın dünyanın əsas valyutalara nisbətən göstərilən dəyişmələri izah edən bir neçə amillər var. İlk növbədə ümumilikdə dolların və avronun manata qarşı məzənnələri əsasən dünya bazarlarında bu valyutaların bir-birinə qarşı olan nisbətindən asılıdır. Qeyd edək ki, I rübün yekunlarına görə, dollar avroya qarşı 2,8% bahalaşıb, lakin rüb ərzində bu valyutaların məzənnələri kəskin dəyişkən olub:
Göründüyü kimi, dünya bazarlarında da məzənnə dəyişkənliyi müşahidə olunub və yuxarıda qeyd olunan dolların 2,8%-lik artması yalnız yekunlaşdırıcı dəyişmədir, çünki rüb ərzində hətta dolların avroya qarşı 8%-lik azalması müşahidə olunub. Yəni, dünya bazarlarında valyuta məzənnələrinin qarşılıqlı nisbəti Azərbaycanda manatın məzənnəsinin formalaşmasında rol oynayan əsas amillərdən biridir.
Digər tərəfdən hazırda dünyada yaşanan maliyyə və iqtisadi böhran nəticəsində bir sıra ölkədə, o cümlədən MDB-də olduğu kimi milli valyutanın devalvasiyasına yol verməmək üçün Azərbaycan Milli Bankı dolların məzənnəsinin artmasının qarşısını almaq məqsədi ilə valyuta bazarına əlavə təklif (valyuta müdaxiləsi) təqdim edir. Beləliklə, dollar-manat məzənnəsinin formalaşmasında Milli Bankın dolların məzənnəsini süni saxlaması amilinin də böyük rolu var. Hətta belə bir fikir mövcuddur ki, Milli Bankın həmin fəaliyyəti dayandırılsa, dolların Azərbaycanda bahalaşması ehtimalı həddindən artıq yüksəkdir. Nəticədə, göründüyü kimi, dolların manata qarşı bahalaşması dünyadakı göstəricidən (dollar-avro məzənnəsi nəzərdə tutulur) 1,6 dəfə azdır və dolların avroya qarşı bahalaşması Azərbaycanda avronun manata nisbətən ucuzlaşmasında özünü göstərir.