Bank Of Baku

Azərbaycana xaricdən cəlb edilən vəsaitin yalnız 1/5-nə dövlət zəmanəti verilib

Azərbaycana xaricdən cəlb edilən vəsaitin yalnız 1/5-nə dövlət zəmanəti verilib
# 03 aprel 2009 07:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2008-ci il üzrə tədiyyə balansında əks etdirilmiş xaricdən cəlb olunan kredit və digər investisiyaların ümumi məbləği 3 583,5 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Milli Bankdan «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici əvvəlki ilə nisbətən 60% çoxdur.
Bu məbləğin yalnız 698,7 mln. dolları və ya 19,5%-i birbaşa dövlət və dövlət təminatı əsasında cəlb olunmuş kreditlər, yəni beynəlxalq maliyyə və digər təşkilatlar tərəfindən ayrılmış kreditlərin payına düşüb. Qalan vəsait isə dövlət təminatı olmayan kreditlərdir ki, bunun da 683,1 mln. dolları ARDNŞ tərəfindən cəlb olunub. Qeyd edək ki, bu vəsait əsasən ARDNŞ-in Gürcüstan və Türkiyədə həyata keçirdiyi layihələrin maliyyələşdirilməsinə yönəldilib.
Dövlət təminatı olmayan digər kreditlərin 1 661,5 mln. dolları isə əsasən banklar (1 278,5 mln. dollar), digər müəssisə və şirkətlər tərəfindən cəlb olunub. Bu da öz növbəsində əvvəlki ilin analoji göstəricisindən 70% çoxdur.
Xatırladaq ki, Azərbaycanın 2008-ci il üzrə tədiyyə balansının ümumi saldosu müsbət 12 049,9 mln. dollar təşkil edib və bu, 2007-ci ilin yekunları ilə müqayisədə 4,2 dəfə artıqdır. Tədiyyə balansının cari əməliyyatlar hesabında profisit əvvəlki illə müqayisədə 80% artaraq 16,5 mlrd. dollara çatıb. Eyni zamanda, kapitalın və maliyyənin hərəkəti hesabının mənfi saldosu 2007-ci illə müqayisədə 28,1% azalaraq 4,4 mlrd. dollara düşüb. Həmçinin, ötən ilin yekunları üzrə tədiyyə balansında əks etdirilən xaricdən cəlb olunan kapitalın ümumi məbləği 7 569,6 mln. dollar təşkil edib ki, bu da əvvəlki ilin analoji göstəricisinə nisbətən 9,7% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR