Bank Of Baku

G-20 ölkələri dünya iqtisadiyyatına 5 trln. dollar vəsait xərcləyəcək

G-20 ölkələri dünya iqtisadiyyatına 5 trln. dollar vəsait xərcləyəcək
# 03 aprel 2009 10:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Gələn ilin sonuna kimi «Böyük iyirmilik» (G-20) ölkələri dünya iqtisadiyyatının dəstəklənməsinə 5 trln. ABŞ dolları həcmində vəsait ayıracaq. «APA-Economics»in məlumatına görə, bu barədə Böyük Britaniyanın baş naziri Qordon Braun Londonda keçirilən G-20 sammitində bəyan edib. Q.Braun vurğulayıb ki, bundan əlavə 1 trln. dollar Beynəlxalq Valyuta Fonduna (BVF) və digər beynəlxalq maliyyə institutlarına ayrılacaq. Həmçinin, BVF yoxsul ölkələrə yardım üçün mövcud qızıl ehtiyatlarından da istifadə edəcək. Q.Braunun sözlərinə görə, bundan başqa 250 mld. dollar maliyyə bazarlarına yönəldiləcək.
Britaniyalı baş nazirin sözlərinə görə, sammitdə G-20 öləkələrinin liderləri ofşor şirkətlər vasitəsilə vergidən yayınma hallarına qarşı birgə mübarizəyə dair razılığa gəlib və yaxın vaxtlarda İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) vergidən yayınmaya qarşı mübarizəyə yardım göstərməyən ölkələrin siyahısını açıqlayacaq. Bundan əlavə, zirvə görüşündə iri korporasiya rəhbərlərinə bonusların ödənilməsinin yeni qaydaları müzakirə olunub.
Görüş iştirakçılarının əksəriyyəti dəfələrlə qeyd ediblər ki, böhranla mübarizədə dövlət dəstəyi alan şirkətlər öz menecerlərinə mükafat ödəməməlidir.
Sammitin nəticələrinə dair Q.Braun bildirib ki, G-20 sammitində liderlər tərəfindən təsdiq olunmuş böhrana qarşı tədbirlər dünya iqtisadiyyatına böhrandan BVF-nin proqnozlaşdırdığı vaxtdan daha tez çıxmağa imkan verəcək. Xatırladaq ki, qurumun son proqnozlarında dünya iqtisadiyyatının böhrandan 2010-cu ildə tədricən çıxmağa başlayacağı qeyd edilib.
Öz növbəsində Fransa prezidenti Nikolya Sarkozi qeyd edib ki, London sammiti gözlənildiyindən daha çox müsbət nəticələrə gətirib.
Qeyd edək ki, G-20 ölkələri cari ilin sonuna qədər əlavə görüş keçirməyi planlaşdırır.
«Böyük iyirmilik» ölkələri liderlərinin zirvə görüşü dünya iqtisadi böhranından çıxış yollarının axtarılmasına həsr olunub. Dünya maliyyə və iqtisadi sistemlərinin möhkəmləndirilməsi, habelə iqtisadi geriləmə və deflyasiyanın qarşısının alınması məsələləri xüsusilə diqqət mərkəzində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR