Qeyd edək ki, dünya maliyyə böhranının əlamətləri Azərbaycanda özünü göstərməsi baxımından bank əmanətlərinin azalması amili ötən ilin oktyabr ayında kəskinləşib: həmin ay ərzində əmanətlərin həcmi son zamanlar ilk dəfə olaraq 94,7 mln. manat və ya 5% səviyyəsində azalıb. Milli Bankın rəhbərliyi tərəfindən bu fakt dünya maliyyə böhranı nəticəsində Azərbaycanda banklar tərəfindən kreditləşmənin məhdudlaşdırılması və sahibkarların öz cəri fəaliyyəti üçün əmanətlərindən istifadəsi ilə izah olunub, həmçinin bu azalmanın tendensiya xarakteri almayacağı vurğulanıb. Düzdür, sonrakı ayların göstəriciləri bunu müəyyən dərəcədə təsdiqləyib. Cədvəldən göründüyü kimi, noyabr və dekabr aylarında əmanətlərin yenidən artması prosesi müşahidə olunub. İlin əvvəlinə olan göstəricilərə görə, əmanətlərin həcmi 1,9 mlrd. manata, yəni azalmadan əvvəlki səviyyəyə yüksəlib. Lakin 2009-cu ilin ilk iki ayı ərzində yenidən əmanətlərin azalması müşahidə olunur ki, bu da bank sisteminin durumu və makroiqtisadi vəziyyət baxımından mənfi amildir.
Digər tərəfdən əsas makroiqtisadi göstəricilərin, o cümlədən ÜDM-in, istehsalatın, istehlak bazarı dövriyyəsinin, bank aktivlərinin və s. göstəricilərin artım templərinin düşməsi və ya ümumiyyətlə zəifləməsi fonunda əmanətlərin azalması mənfi hal kimi qiymətləndirilsə də, faciə kimi qəbul olunmamalıdır.
* 03.04.2009-cu il vəziyyətinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 0,8028 manat təşkil edir