Bank Of Baku

BNE portalının aylıq jurnalında Azərbaycan iqtisadiyyatına həsr olunmuş məqalə dərc edilib

BNE portalının aylıq jurnalında Azərbaycan iqtisadiyyatına həsr olunmuş məqalə dərc edilib
# 03 aprel 2009 14:59 (UTC +04:00)
Bakı - APA-Economics. BNE portalının (www.businessneweurope.eu) təsis etdiyi jurnalın bu günlərdə işıq üzü görən yeni sayında Azərbaycanın iqtisadi durumuna həsr olunmuş reportaj dərc edilib.
«APA-Economics»in məlumatına görə, reportajda Ermənistanın mart ayında dünya maliyyə böhranının nəticəsi kimi milli valyutanı devalvasiya etməsinin əhalini bərk qorxuya saldığı qeyd olunub. Ermənistanda əhali banklardan pullarını geri götürməyə başlayıb. Azərbaycanda isə milli valyuta olan manat dollara qarşı kifayət qədər yaxşı mövqedə saxlanılır və cüzi ucuzlaşıb.
«Azərbaycan rəsmiləri valyuta ehtiyatlarının mövcudluğunu və hökumətin manatı dəstəkləyəcəyini əsas gətirərək devalvasiya ideyasını gülünc adlandırır. Aşağı səviyyəli idxal, əsasən Dünya Bankından olmaqla ümumilikdə cüzi xarici borcu nəzərə alsaq, ölkə iqtisadiyyatı qlobal böhrana qarşı immunitetlidir. Bəzi bankirlər hesab edir ki, hökumət yaxın aylarda tədricən milli valyutanın aşağı enməsinə imkan verəcək, ancaq bu baş versə belə, manat ən çoxu 5% və ya bundan az həddə ucuzlaşacaq».
Reportajda Azərbaycanda ÜDM-in artımının bu il 10-15% azalacağı qeyd edilib. Həmçinin, bank sektorunun müəyyən dərəcədə böhranın təsirlərinə məruz qaldığı vurğulanıb: «İstehlak və avtomobil kreditlərinin verilməsi dayandırılıb və ilin əvvəlindən dövlət likvidliyin dəstəklənməsi üçün bazara 300 mln. dollar həcmində inyeksiya edib».
«APA-Economics»in ekspertlərinin də fikirləri reportajda yer alıb: «Azərbaycan digər ölkələr kimi, böhrandan yan keçmək üçün BVF-dən kredit cəlb etmək üçün müraciət etməyib. BVF çox bürokratik təşkilatdır və kredit üçün çox uzun-uzadı şərtlər irəli sürür. Azərbaycan bu şərtlərlə borclanmaq istəmir. Faktiki olaraq, bizim bu pula ehtiyacımız da yoxdur».
Yazıda qeyd olunub ki, ciddi çətinliklə üzləşmiş banklar arasında vaxtı ilə beynəlxalq maliyyə qurumlarından küllü miqdarda borc almış «Unibank» da var. Böhrandan ilk zərər çəkmiş «Unibank»ın xilası üçün hökumət 60 mln. dollar ayırıb. Azərbaycanda bank sektorunun zəif inkişaf etməsi nəticəsində böhranın təsirlərinə o qədər də həssas deyil. Bank sektorundakı aktivlərin təxminən 60%-nə dövlətə məxsus olan Beynəlxalq Bankın sahib olması da işə yarayıb.
«Rusiya kimi ölkələrdə pərakəndə kreditlərin yüksək artımı müşahidə olunub. Ancaq Azərbaycan buna bir az konservativ yanaşıb və məişət kreditlərinin səviyyəsi daha aşağıdır», - deyə «APA-Economics»dən bildirilib.
Yazıda qeyd olunub ki, hökumət ehtiyatlarına güvənərək büdcəyə dəyişiklik etmədən neft qiymətlərinin yenidən 70 dollara qalxmasını gözləyir: «Kiçik təsirləri nəzərə almasaq, Azərbaycan demək olar ki, dünya böhranının güclü dalğasına məruz qalmaqdan hələ ki yayına bilib. Azərbaycan bu gün qonşu ölkələrə, xüsusən Gürcüstanın nəqliyyat infrastrukturuna investiya yatırır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR