Bank Of Baku

Azərbaycan və Litva ticarət əlaqələrini genişləndirmək niyyətindədir

Azərbaycan və Litva ticarət əlaqələrini genişləndirmək niyyətindədir
# 07 aprel 2009 09:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi (İİN) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Litva biznes forumu işə başlayıb.
«APA-Economics»in məlumatlına görə, tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, Azərbaycan bütün Baltikyanı ölkələrlə, o cümlədən Litva ilə sıx əməkdaşlıq edir. Nazir müavininin sözlərinə görə, ötən il ərzində ölkədə ÜDM-in artım tempi 10,8% təşkil edib: «Bu göstərici ötən illərdən bir qədər az olsa da, Azərbaycan stabil olaraq inkişaf edir».
N.Səfərov qeyd edib ki, 1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına 60 mlrd. ABŞ dolları həcmində investisiya yatırılıb və bunun 70%-ni xarici investisiyalar təşkil edir. Daxili investisiyaların artırılması isə ölkədə birbaşa sahibkarlığın inkişafı ilə bağlıdır.
N.Səfərov bildirib ki, son 5 il ərzində Azərbaycanda 750 min yeni iş yeri və 20 min müəssisə açılıb. Həmçinin, işsizlik səviyyəsi 1,1%-dir, yoxsulluğun səviyyəsi isə 46%-dən 13%-ə düşüb.
Azərbaycanda sahibkarlığın inkişafı və biznesin aparılması üçün əlverişli mühitin olduğunu bildirən N.Səfərov qeyd edib ki, Litva ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələr inkişaf etdirilir. Lakin iqtisadi əlaqələr istənilən səviyyədə deyil: «Ötən il ərzində iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 26,3 mln. dollar olub. Ümid edirəm ki, bugünkü biznes forum iki ölkə arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq».
Azərbaycanda iqtisadi inkişafdan məmnunluğunu bildirən Litvanın xarici işlər naziri Viqaudas Uşatskas bu gün Bakıda Litva Ticarət Evinin açılmasının iki ölkə arasında inkişafın yaxşılaşmasına səbəb olacağını vurğulayıb.
Nazir qeyd edib ki, ötən il ərzində Litvanın xarici ticarət dövriyyəsi 50 mlrd. ABŞ dolları olub: «Ümid edirəm ki, Azərbaycan Litvanın aktiv tərəfdaşları sırasına daxil olacaq».
Tədbirdə Azpromo-nun prezidenti Rəhim Hüseynov Azərbaycanın investisiya imkanları, eyni zamanda Litvanın İxracın və İnvestisiyaların Təşviqi Departamentinin direktoru Petras Şimelyunas analoji təqdimatla çıxış ediblər.
Qeyd edək ki, tədbir çərçivəsində iki ölkənin iş adamları arasında işgüzar görüşlər keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR