Bank Of Baku

Azərbaycan xaricdən cəlb etdiyi kreditlərin 43%-ni istifadə edib

Azərbaycan xaricdən cəlb etdiyi kreditlərin 43%-ni istifadə edib
# 03 sentyabr 2009 09:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın xarici dövlət borcunun həcmi 2009-cu ilin iyul ayının 1-nə 3 071,8 mln. ABŞ dolları təşkil edib ki, bu da cari ilin əvvəlinə olan analoji göstərici ilə müqayisədə 2,4% çoxdur. Xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti isə 9,1%-ə bərabər olub.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iyulun 1-i vəziyyətinə istifadə olunmuş kreditlər üzrə adambaşına düşən xarici borc 350,9 dollar təşkil edib.

Hökumət və dövlət qurumları tərəfindən cəlb olunan kreditlərin əsas hissəsi investisiya layihələrinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, bu cür kreditlərin həcmi 2 738,1 mln. dollar və ya ümumi xarici borcun 89,1%-ni təşkil edib. Həmin məbləğin 39,1%-i və yaxud 1 205,4 mln. dolları elektrik enerjisi sektoruna, 3,7%-i (113,1 mln. dollar) kənd təsərrüfatı, 23%-i (705,8 mln. dollar) yol tikintisi və nəqliyyat, 9%-i (276,8 mln. dollar) su təchizatı və meliorasiya, 6,3%-i (193,4 mln. dollar) neft, qaz və kimya, 5,3%-i (162,4 mln. dollar) sosial, 2,6%-i isə (81,2 mln. dollar) digər sahələrdə layihələrin maliyyələşdirilməsinə sərf olunub.

İqtisadi islahatlara yönəldilən xarici kreditlərin məbləği isə 333,6 mln. dollar təşkil edib. Bu məbləğin 263,7 mln. dolları Dünya Bankı, 69,9 mln. dolları isə Beynəlxalq Valyuta Fondu tərəfindən ayrılıb.

Ümumiyyətlə, Azərbaycanın imzaladığı kredit sazişləri üzrə dövlət borcunun ümumi həcmi 7 179,4 mln. dollar, borcun ÜDM-yə nisbəti 21,3%, adambaşına düşən xarici borc isə 820,2 dollar təşkil edib. Göründüyü kimi, Azərbaycan imzalanmış sazişlər üzrə cəlb olunan kreditlərin yalnız 42,8%-dən istifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR