Bank Of Baku

«United Credit Bank» ilin sonunadək ipoteka proqramının icrasına başlamaq niyyətindədir

«United Credit Bank» ilin sonunadək ipoteka proqramının icrasına başlamaq niyyətindədir
# 17 noyabr 2009 08:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankının (SKB) səhmdarları tərəfindən 2009-cu ilin sonuna kimi bankın ipoteka proqramının icrası üçün maliyyə vəsaiti ayrılacaq.

Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, bununla bağlı yaxın vaxtlarda bankın səhmdarlarının ümumi iclası keçiriləcək. İclasda bankın məcmu kapitalının əlavə 10 mln. manat artırılaraq 23,033 mln. manata çatdırılması və digər cari məsələlər müzakirə olunacaq.

V.Əliyevin sözlərinə görə, ipoteka kreditləri üzrə portfelin həcmi hələlik dəqiqləşdirilməyib. Çünki ipoteka portfeli bir başa məcmu kapitaldan ayrılacaq vəsaitlər hesabına formalaşacaq.

V.Əliyev proqramda kreditin müddətinin minimum 2 il nəzərdə tutulduğunu, həmçinin kreditin faiz dəhlizi, ilkin ödəniş, minimum və maksimum məbləğin isə bazara uyğun müəyyənləşdiriləcəyini bildirib.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 34,527 mln. manat, depozit portfeli 10,428 mln. manat, kredit portfeli 25,301 mln. manat, məcmu kapitalı 13,033 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 5 filialı, 5 bankomatı və 7 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR