Bank Of Baku

Yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala investisiya qoyuluşu 17% azalıb

Yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala investisiya qoyuluşu 17% azalıb
# 19 noyabr 2009 09:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 922,7 mln. manat investisiya yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,4% azdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi ümumi investisiyanın 69,9%-ni təşkil edərək 4 141,6 mln. manat olub və ötən ilin analoji dövrü ilə müqayisədə bu rəqəm 8,8% azalıb. Dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar inşaat işlərinə 3 462,5 mln. manat və ya 20,8% az, qeyri-dövlət müəssisələri isə 2 460,2 mln. manat və ya 12% az vəsait sərf edib.

İstehsal təyinatlı obyektlərin inşasında 4 471,6 mln. manat, qeyri-istehsal təyinatlı obyektlərin tikintisində isə 1 451,1 mln. manatlıq investisiyadan istifadə edilib.

Əsas kapitala yönəldilmiş vəsaitin 80,5%-ni daxili investisiyalar, 19,5%-ni isə xarici investisiyalar təşkil edib, daxili investisiyanın 68,2%-i dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 31,8%-i qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşüb.

Bundan başqa, 2009-cu ildə büdcədən maliyyələşdirilməsi nəzərdə tutulmuş inşaat işlərini həyata keçirmək üçün dövlət büdcəsində 4,718 mlrd. manat vəsait nəzərdə tutulmuş və on ayı ərzində bu vəsaitin 1 968,4 mln. manatından istifadə edilib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 2 945,9 mln. manat (ümumi investisiyanın 49,8%-i), bank kreditləri 278,6 mln. manat (4,7%-i), büdcə vəsaitləri 2 122,1 mln. manat (35,8%-i), büdcədənkənar fondların vəsaitləri 381,3 mln. manat (6,4%-i), əhalinin şəxsi vəsaitləri 194,4 mln. manat (3,3%-i), digər vəsaitlər isə 0,4 mln. manat təşkil edib.

İlin əvvəlindən əsas kapitala yönəldilmiş bütün investisiyanın 40%-i sənaye sahələrinin inkişafına, 3,7%-i kənd təsərrüfatına, 0,1%-i balıqçılığa, 0,5%-i tikintiyə, 3,1%-i ticarət və xidmətə, 0,8%-i mehmanxana və restoranlara, 25,6%-i nəqliyyata, 1,8%-i rabitəyə, 0,2%-i maliyyəyə, 11,6%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlara (ondan 9,2%-i mənzil tikintisinə), 4,9%-i dövlət idarəetməsinə, 1,6%-i təhsilə, 1,8%-i səhiyyəyə, 4,3%-i digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

Yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş ümumi investisiyanın 4 317,9 mln. manatı (72,9%-i) qeyri-neft bölməsinin, 1 604,8 mln. manatı isə (27,1%-i) neft bölməsinin inkişafında istifadə edilib.

Qeyd edək ki, cari ilin ilk on ayı ərzində Gədəbəy Qızıl-mis emalı və Hacıqabul Kərpic zavodları, Quba rayonunda modul tipli «Şahdağ» Elektrik stansiyası, Bakıda Beynəlxalq, Naxçıvan Avtovağzal Kompleksləri və Bərdə rayonunda avtovağzal binası, Şərur rayonunda Asfalt-beton zavodu, Naxçıvanda və Şərur rayonunda meyvə-tərəvəz saxlamaq üçün soyuducu anbarlar, «Gəmiqaya» Mineral sular zavodu və Unlu qənnadı məmulatlar istehsalı sexi, Şərurda İstixana kompleksi, ölkənin müxtəlif bölgələrində 198,3 km uzunluğunda fiber-optik magistral kabel xətti və 29,7 min nömrəlik avtomat telefon stansiyaları, bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1 028,9 min kv. metr olan yeni yaşayış evləri, 18 130 şagird yerlik ümumtəhsil məktəbi, 90 yerlik məktəbəqədər uşaq müəssisəsi, 175 çarpayılıq xəstəxana, növbədə 285 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 140 yerlik klub, Şəmkir, İsmayıllı və Şərurda Olimpiya İdman kompleksləri, Bakıda Hövsan Olimpiya İdman Kompleksi və «Sərhədçi» İdman Olimpiya Mərkəzi, Azərbaycan Tennis Akademiyası və Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu, Hacıqabul rayonunda Uşaq Tibb Mərkəzi, Quba və Bərdə rayonlarında Müalicə-Diaqnostika, Naxçıvan şəhərində Doğum və Şahmat mərkəzləri istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR