Bank Of Baku

Azərbaycanda məqsədli bank ehtiyatlarının qeyri-standart kreditlərə nisbəti ilin əvvəlindən azalıb

Azərbaycanda məqsədli bank ehtiyatlarının qeyri-standart kreditlərə nisbəti ilin əvvəlindən azalıb
# 20 noyabr 2009 10:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların kreditlər üzrə zərərin ödənilməsi üçün məqsədli ehtiyatlarının qeyri-standart kreditlərin ümumi məbləğinə nisbəti 2009-cu ilin oktyabrın 1-nə 56,3% təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, son bir ildə bu göstərici dəyişməz qalıb, cari ilin əvvəli ilə müqayisədə isə 1,3 faiz bəndi azalıb.

Eyni zamanda, qeyri-standart kreditlərin ümumi kreditlərdə xüsusi çəkisi həmin tarixə 6,1%-ə bərabər olub ki, bu da ötən ilin oktyabrın 1-nə olan göstəricidən 1,6 faiz bəndi, cari ilin əvvəlinə nisbətən isə 0,9 faiz bəndi çoxdur. Beləliklə, qeyri-standart kreditlər və onlar üzrə ehtiyatlar il ərzində mənfiyə doğru dəyişib.

Lakin Mərkəzi Bankın hesablamalarına görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin yalnız təxminən 1/3 hissəsi girovla təmin edilməmiş kreditlərin payına düşür. Həmçinin, vaxtı keçmiş kreditlər qeyri-standart kreditlərin bir hissəsidir və beləliklə, girovla təmin edilməmiş kreditlərin qeyri-standart kreditlərdə olan xüsusi çəkisi hətta 1/3-dən də azdır.

Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi, zərərin ödənilməsi üçün ehtiyatlar ümumi qeyri-standart kreditlərin yarısından çoxunu təşkil edir və bununla belə, həmin ehtiyatlar girovla təmin edilməmiş kreditlərin həcminin tam ödənilməsi üçün yetərlidir. Bu da vaxtı keçmiş kreditlər tam qaytarılmadığını təqdirdə belə bankların likvidliyinə və ümumilikdə bank sisteminə mənfi təsir etməyəcəni əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR