Bank Of Baku

VİSA beynəlxalq ödəniş sisteminin Azərbaycanda fəaliyyətə başlamasının 12 illiyi ilə bağlı tədbir keçirilib

VİSA beynəlxalq ödəniş sisteminin Azərbaycanda fəaliyyətə başlamasının 12 illiyi ilə bağlı tədbir keçirilib
# 24 noyabr 2009 11:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda VİSA beynəlxalq ödəniş sisteminin Azərbaycanda fəaliyyətə başlamasının 12 illiyi ilə bağlı tədbir keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə VİSA sisteminin MDB ölkələri üzrə regional meneceri Aleksandr Kalita, Ukraynadakı baş nümayəndəliyinin rəhbəri Svetlana Georbelidze, sistemin Cənub-Şərq və MDB ölkələri üzrə baş direktoru Jan-Mark Tonti iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan J.M.Tonti sistemin yaranma tarixi, yayıldığı ölkələr, həmçinin yeni məhsulları ilə bağlı ətraflı məlumat verib. Onun sözlərinə görə, hazırda dünyada 60 mln.-a yaxın VİSA sisteminin plastik kartları mövcuddur: «Ümumiyyətlə, 50 ölkə üzrə aparılmış statistikaya əsasən, bu ödəniş sisteminin xərcləri ölkələrin ümumi daxili məhsulunun 2-3%-ni təşkil edib. Buna Kanadanı misal gətirmək olar. Son 20 ildə Kanada iqtisadiyyatı elektron ödəniş sistemlərindən 122 mlrd. dollar həcmində gəlir əldə edib ki, bu gəlirin xüsusi çəkisi həmin ölkənin ümumi iqtisadiyyatının 20%-ni təşkil edib. Reallıqda isə ölkə iqtisadiyyatın ümumi gəlirləri 361 mlrd. dollar olub».

Daha sonra J.M.Tonti beynəlxalq ödəniş sisteminin digər xarici ölkələrdəki məhsulları ilə bağlı geniş təqdimatla çıxışı edib.

S.Georbelidze isə sistemin Azərbaycandakı fəaliyyəti ilə əlaqədar konfrans iştirakçılarına geniş məlumat verib. Onun sözlərinə görə, 2006-cı ildə Azərbaycanda bu sistemə 20 bank təşkilatı üzv olmuşdursa, 2009-cu ildə bu bankların sayı artaraq 30-a çatıb: «Bu ilin sentyabr ayına olan məlumata görə, Azərbaycanda 3,8 milyondan çox kart məhsulu mövcuddur. Bundan başqa, cari ilin yanvar-sentyabr aylarında kartlar üzrə tranzaksiyaların ümumi həcmi 3,9 mlrd. manat olub. Tranzaksiyaların sayı ticarət dövriyyəsinin 3%-ni, tranzaksiyaların ümumi həcmi sözügedən dövriyyənin 6%-ni təşkil edib».

S.Georbelidzenin dediyinə görə, 2004-cü ilin yanvar ayında Azərbaycanda VİSA sisteminin ilk sosial kartları buraxılıb. Hazırda bu sistemin sosial kartlarını iki bank emissiya edir ki, bunlar da Azərbaycan Beynəlxalq Bankı və «KapitalBank»dır. Azərbaycan üzrə sosial kartların sayı isə 1,2 milyondan çoxdur.

Qeyd edək ki, VİSA beynəlxalq ödəniş sistemi Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR