Bank Of Baku

Avrasiya regionunun aparıcı banklarının renkinqi hazırlanıb

Avrasiya regionunun aparıcı banklarının renkinqi hazırlanıb
# 01 dekabr 2009 09:30 (UTC +04:00)
Bakı. Elmin İbrahimov – APA-Economics. BNE portalı (www.businessneweurope.eu) Avrasiya regionu üzrə aktivlərinə görə 200 ən böyük bankın (Top-200) illik renkinqini hazırlayıb.

«APA-Economics»in məlumatına görə, renkinqə əsasən, Avrasiya regionunda fəaliyyət göstərən iri bank təşkilatları da dünya maliyyə böhranının təsirinə məruz qalıb və onların ümumi aktivlərinin həcmi 2008-ci ilin sentyabr ayındakı göstəriciyə nisbətən 10 dəfədən çox azalaraq 1 trln. dollardan artıq səviyyədən bu ilin sentyabr ayına 86,5 mlrd. dollara düşüb.

Bu regionda yalnız hökumətin anti-böhran tədbirləri çərçivəsində maliyyə sisteminə təqdim etdiyi irihəcmli vəsaitlər hesabına Rusiyanın 4 iri dövlət bankı aktivlərində artıma nail ola bilib.

Eyni zamanda, MDB məkanında bütün dövlət bankları hökumətin ayırdığı nağd vəsaitlərdən faydalanaraq maliyyə sektorunda daha aktiv rol oynamağa başlayıb.

Renkinqə əsasən, Rusiyanın dövlət bankları MDB məkanında lider mövqeyə malikdir. Belə ki, «Sberbank»a demək olar ki, böhran təsir etməyib və onun aktivləri 223,6 mlrd. dollardan 223,5 mlrd. dollara düşüb. İkinci yerdə olan «VTB Bank» isə aktivlərini 75,5 mlrd-dan 91,7 mlrd-dək artırıb. Rusiyanın kommersiya banklarından isə «Alfa Bank» ölkənin ən iri kommersiya bankı adını qoruyub saxlaya bilib.

Ən diqqət çəkən məqam isə Qazaxıstan banklarının renkinqin yuxarı pillələrində olmamasıdır. Belə ki, 2008-ci ilin sentyabr ayında MDB-nin ən iri regionunun 5-ci bankı olan «BTA Bank» (Bank Turan Alem) aktivlərinin 26,4 mlrd. dollardan 2,3 mlrd. dollara düşməsi nəticəsində indi 50-ci yerdə qərarlaşıb.

Mövqelərini daha çox yaxşılaşdıran isə Belarus bankları olub. «Belarusbank» aktivlərini 8 mlrd. dollardan 11,6 mlrd. dollara çatdırmaqla 23-cü yerdən 14-cü yerə yüksəlib. Belarusun bütün dövlət bankları renkinqdə ötən ilə nisbətən irəliləyişə nail olub.

Azərbaycan Beynəlxalq Bankı isə Qafqazın ən iri bankı adını qoruyub saxlamaqla ötən ilki 42-ci yerdən 32-ci yerə yüksəlib. Son bir il ərzində onun aktivləri 5,2 mlrd. dollardan 4,1 mlrd. dollara qədər azalıb. Onun ən yaxın rəqibi «Bank of Georgia»nın isə aktivləri 25% azalaraq 1,5 mlrd. dollara düşüb.

Ən çox itkiyə məruz qalan isə Rusiyanın «Kit Finance» bankı olub. Onun aktivləri 5 mlrd. dollardan 1,4 mlrd. dollaradək, renkinqdəki mövqeyi isə 43-cü yerdən 77-ci yerə enib.

Xatırladaq ki, «APA-Economics»in 2009-cu ilin yanvar-sentyabr ayları üzrə tərtib etdiyi renkinqə əsasən, Azərbaycan Beynəlxalq Bankı son bir ildə aktivlər üzrə 13% artıma nail olub və aktivlərin ümumi həcmini cari ilin oktyabr ayının 1-i vəziyyətinə təxminən 5,926 mlrd. dollara çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR