Bank Of Baku

Londonda I Azərbaycan İnvestisiya Sammiti keçirilir

 Londonda I Azərbaycan İnvestisiya Sammiti keçirilir
# 08 dekabr 2009 14:00 (UTC +04:00)
London. Vüqar Mustafayev - APA-Economics. Bu gün Londonda I Azərbaycan Beynəlxalq İnvestisiya Sammiti işə başlayıb.

«APA-Economics»in məlumatına görə, konfransın ilk sessiyasına sədrlik edən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov bu toplantının Azərbaycan və Böyük Britaniya arasında münasibətlərin daha da inkişaf etdirilməsinə müsbət təsir göstərəcəyini vurğulayıb. «Bizim ölkələrimiz arasında əlaqələrin olduqca böyük tarixi var. Azərbaycanın neft sektoru britaniyalı investorlara çox yaxşı tanışdır», - deyə ARDNŞ rəsmisi bildirib.

E.Nəsirov Azərbaycan iqtisadiyyatı, o cümlədən neft-qaz sektorunun inkişaf tarixi haqqında qısa məlumat verib. ARDNŞ-nin vitse-prezidenti qeyd edib ki, dünya tarixində ilk dəfə quruda və dənizdə neft hasilatına başlayan, ilk neft tankeri inşa edən məhz Azərbaycan olub və sahənin inkişaf etdirilməsi istiqamətində görülən bu işlər artıq 161 ildir davam edir: “Belə bir uzunmüddətli hasilat dövrünə baxmayaraq, neft-qaz sektoruna əsaslanan Azərbaycan iqtisadiyyatı hələ də ciddi inkişaf templəri nümayiş etdirir”.

Daha sonra sammitdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov dekabrın 8-9-da keçirilən bu konfransın ikitərəfli münasibətlərin inkişafına əhəmiyyətli təkan verəcəyinə əminliyini vurğulayıb. «Bu gün Böyük Britaniya Azərbaycan iqtisadiyyatının əsas xarici investorlarından biridir. Sərmayələr neft-qaz sektoru ilə yanaşı, ölkənin qeyri-neft sektoru, o cümlədən maliyyə, konsaltinq, İKT, təhsil və digər sahələrinə yönəldilir», - deyə səfir bildirib.

F.Qurbanov bu il Böyük Britaniyada Azərbaycan mədəniyyətinə həsr olunmuş 100 günlük tədbirin keçirildiyini vurğulayıb. Azərbaycan prezidenti İlham Əliyevin bu ilin yayında Londona rəsmi səfər etdiyini xatırladan səfir bu cür səfərlərin ikitərəfli münasibətlərin inkişafına əlavə təkan verdiyini qeyd edib.

Azərbaycanın 18 il öncə müstəqilliyini bərpa etdiyini xatırladan F.Qurbanov yeniyetmə dövlət üçün hazırkı mürəkkəb iqtisadi şəraitdə inkişaf templərini yüksək səviyyədə saxlamağın çətin olduğunu vurğulayıb: «Buna baxmayaraq, son beş il ərzində Azərbaycan iqtisadiyyatı təxminən 5 dəfə genişlənib. Hazırda Azərbaycan region dövlətləri arasında cəlb edilən birbaşa xarici investisiyaların adambaşına düşən həcminə görə liderdir», - deyə səfir vurğulayıb.

Bununla yanaşı, F.Qurbanov iqtisadiyyatda, xüsusən də hasilat sənayesində yüksək şəffaflığın təmin olunduğunu qeyd edib.

Sammitdə iştirak edən Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova biznes mühitinin yaxşılaşdırılması, şəffaflığın təmin olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, açıq rəqabətin təmin edilməsi istiqamətində aparılan dövlət siyasətindən danışıb. S.Həsənova bildirib ki, bu yaxınlarda xüsusi iqtisadi zonalar haqqında qanun qəbul olunub, ötən illər ərzində 39 ölkə ilə qarşılıqlı sərmayələrin qorunması, 38 ölkə ilə ikili vergitutmanın qarşısının alınmasına dair sazişlər imzalanıb. Azərbaycan iqtisadiyyatına ümumilikdə 52 mlrd. ABŞ dolları həcmində xarici sərmayə yatırılıb və bunun 11 mlrd. dolları 2008-ci ilin payına düşür.

«Azərbaycanda biznesin təşkili sistemi maksimum sadələşdirilib və hazırda biznesin qeydiyyatdan keçirilməsi proseduru 3 gün vaxt tələb edir. Həmçinin Azərbaycan iqtisadiyyatı artıq 2005-ci ildə 1998-ci ilin maliyyə böhranının təsirindən tam bərpa olunub. Son beş ildə milli iqtisadiyyat 5 dəfə artıb və ÜDM-in artım tempinə görə ölkəmiz dünya lideridir. Yoxsulluğun səviyyəsi son beş ildə 3 dəfədən çox azalaraq 13%-ə çatıb», - deyə S.Həsənova bildirib.

Nazir müavini əlavə edib ki, Azərbaycan hazırda davam edən dünya maliyyə böhranından ən az zərər çəkmiş dövlətlər sırasındadır, strateji valyuta ehtiyatları artmaqda davam edir və artıq 19 mlrd. dollara çatıb, məcmu öhdəliklər isə cəmi 3,3 mlrd. dollara bərabərdir.

Daha sonra tədbirdə Azərbaycan Ticarət-Sənaye Palatasının vitse-prezidenti Mehman Abbasov, Azpromo-nun prezidenti Adil Məmmədov, digər dövlət qurumlarının və təşkilatların rəsmi nümayəndələri çıxış edərək, toplantı iştirakçılarına ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində mövcud vəziyyət, inkişaf və əməkdaşlıq perspektivləri haqqında ətraflı məlumat veriblər.

Qeyd edək ki, Adam Smit İnstitutunun təşkilatçılığı ilə iki gün davam edəcək tədbir çərçivəsində plenar iclaslar, tematik sessiyalar, investorlarla görüşlər və müzakirələr keçiriləcək. Sammitin proqramına Azərbaycanın dövlət qurumları, iri şirkət və təşkilatların nümayəndələrinin 50-dən artıq çıxışı və təqdimatları daxil edilib.

Xatırladaq ki, I Beynəlxalq Azərbaycan İnvestisiya Sammitinin rəsmi veb-saytının Azərbaycan versiyası da istifadəyə verilib. Saytda «tədbirlərin təqvimi», «tərəfdaş proqramları», «nümayəndəliklərin rəyi» və digər rubrikalar yer alıb. Sayt vasitəsilə həmçinin tədbirdə iştirak etmək üçün qeydiyyatdan da keçmək mümkündür. Bundan başqa, veb-saytda sammitdə müzakirə olunacaq əsas mövzular, tədbirin təşkilatçıları və s. haqqında ətraflı məlumatlar yerləşdirilib.

I Beynəlxalq Azərbaycan İnvestisiya Sammitinin rəsmi veb-saytının Azərbaycan versiyası http://www.adamsmithconferences.com/az/yjc001 ünvanında yerləşir.

APA İnformasiya Agentliyi sammitin rəsmi media tərəfdaşı rolunda çıxış edir və agentliyin bütün oxucuları və abunəçiləri sammitdə iştirak etmək üçün qeydiyyatdan keçərkən iştirak haqqını ödədikdə 10%-lik güzəşt əldə edəcək. Qeydiyyatdan keçərkən http://www.adamsmithconferences.com/YJ1APA saytının «Şərhlər» bəndində YJ1APA kodu göstərilməlidir.

Sammitin əsas mövzuları və tədbirləri:

* «Azərbaycanda biznes və siyasət» - Azərbaycan hökuməti və iri korporasiyaların nümayəndələrinin məruzələri. Bu sessiyaya Azərbaycanın siyasi, iqtisadi nümayəndələri, həmçinin iş adamlarının çıxışları daxil olacaq. Sessiyada Azərbaycandakı hazırkı siyasi və iqtisadi vəziyyət, son dəyişikliklər müzakirə olunacaq. Bundan başqa, sessiyada Azərbaycanın qanunvericilik orqanları və şirkətlərin rəhbərləri müasir iqtisadi vəziyyətə nə qədər effektli uyğunlaşa bilmələrini təhlil edəcəklər;

* Korporativ road-şou günü: Sammitdə Azərbaycanın iri şirkətlərinin korporativ təqdimatları keçiriləcək. Şirkətlərin nümayəndələri üçün tədbirdə iştirak edəcək analitik, investisiya bankları, vençur və hedc fondları, reytinq agentlikləri və maliyyə məsləhətçiləri qarşısında öz şirkətləri haqqında təqdimatla çıxış etmək imkanı yaradılacaq;

* Diskussiya paneli - «İnvestorları Azərbaycana nə cəlb edir?»: Diskussiyada maliyyə və korporativ investorlar, fondlar, maliyyə analitikləri və məsləhətçiləri, həmçinin Azərbaycan şirkətlərinin rəhbərləri iştirak edəcəklər. Burada əsas müzakirə predmeti Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması üçün görülən tədbirlər olacaq. Bundan başqa, diskussiyada Azərbaycanda hansı sektorun daha çox investisiya potensialına malik olduğu təhlil ediləcək;

* Praktiki misallar sessiyası - «Güclü biznesin yaradılması üçün Azərbaycandakı investisiya imkanlarından istifadə: regionda uğur qazanmış şirkətlərin tarixi və beynəlxalq layihələrin icrası misalları».
Bu sessiyada Azərbaycanda fəaliyyət göstərən və uğur qazanmış xarici şirkətlərin ətraflı təqdimatı və təcrübəsi nümayiş olunacaq. Sessiyada həmçinin hazırkı iqtisadi vəziyyətdə bazara daxilolmanın ən perspektivli modeli barədə müzakirələr aparılacaq və eyni zamanda, regiona qeyri-maliyyə investisiyalarının yatırılmasının vacibliyi məsələsi təhlil olunacaq;

* Azərbaycan iqtisadiyyatında tez inkişaf edən sektorlarında biznes və investisiya imkanlarının icmalına dair ətraflı Sessiya: bu sessiyada kənd təsərrüfatı, qida sənayesi, telekommunikasiya və informasiya texnologiyaları, turizm, tikinti, daşınmaz əmlak, elektrik enerjisi və nəqliyyat infrastrukturu kimi sahələrinin potensialına baxılacaq;

* Maliyyə sektoru və neft-qaz sahəsi üzrə paralel sessiyalar.

Sessiyalar sammitin ikinci günündə keçiriləcək. Burada iştirakçılara neft-qaz və maliyyə sektorlarının perspektivlərini daha ətraflı təhlil etmək və gələcək planları müzakirə etmək imkanı yaradılacaq.

Sammitin daimi veb-saytları:

http://www.adamsmithconferences.com/YJ1APAe
http://www.adamsmithconferences.com/YJ1APA
http://www.adamsmithconferences.com/az/yjc001
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR