Bank Of Baku

Azərbaycanın Böyük Britaniyadakı səfiri: «Əminəm ki, Azərbaycanın özəl investorları da tezliklə Böyük Britaniya bazarına çıxacaq»

Azərbaycanın Böyük Britaniyadakı səfiri: «Əminəm ki, Azərbaycanın özəl investorları da tezliklə Böyük Britaniya bazarına çıxacaq»
# 09 dekabr 2009 12:46 (UTC +04:00)
London. Vüqar Mustafayev - APA-Economics. Dekabrın 8-9-da Londonda keçirilən I Azərbaycan İnvestisiya Sammitinin Azərbaycan və Böyük Britaniya arasında iqtisadi münasibətlərin genişləndirilməsi və mövcud əlaqələrin dərinləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov bildirib.

F.Qurbanovun sözlərinə görə, Adam Smit İnstitutu kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən keçirilən bu konfransda tanınmış britaniyalı, yerli, xarici şirkət və təşkilatlar, diplomatik korpus və beynəlxalq mətbuatın nümayəndələri iştirak edir.

«Ümumiyyətlə, son zamanlar Azərbaycana maraq əhəmiyyətli dərəcədə artıb. Bu da təsadüfi deyil - Azərbaycan olduqca ciddi inkişaf nümayiş etdirir, regionun lider dövlətidir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Böyük Britaniya Azərbaycana sərmayə yatıran əsas investordur. Məlumat üçün bildirim ki, Azərbaycan iqtisadiyyatına indiyədək yatırılan xarici sərmayələrin təxminən 50%-i məhz Britaniyanın payına düşür, hazırda ölkəmizdə Britaniya kapitallı 170 şirkət fəaliyyət göstərir və təxminən 5 min britaniyalı Azərbaycanda daimi yaşayır və çalışır», - deyə səfir vurğulayıb.

F.Qurbanov həmçinin xatırladıb ki, yeni yaradılan Britaniya-Azərbaycan Biznes Şurası ötən müddət ərzində artıq iki nümayəndə heyətini Azərbaycana səfərə göndərib, bunların sonuncusu - 20 şirkət və təşkilatın səlahiyyətli nümayəndələri bu ilin noyabr ayında Bakıda olub.

Səfirin sözlərinə görə, britaniyalı investorlar Azərbaycan iqtisadiyyatının neft-qaz sektoru ilə yanaşı, İKT, maliyyə, o cümlədən, bank və sığorta xidmətləri, kənd təsərrüfatı kimi sahələrə ciddi maraq göstərirlər. «Artıq Britaniya ilə Azərbaycan arasında kənd təsərrüfatında müştərək müəssisənin yaradılmasına dair razılıq əldə olunub və bu istiqamətdə aparılan işlər yekunlaşma mərhələsindədir. Meyvə-tərəvəzin emalı sahəsində fəaliyyət göstərəcək bu müəssisənin artıq 2010-cu ildə işə başlayacağı və tezliklə xarici bazarlara, o cümlədən Böyük Britaniyaya hazır məhsul ixrac edəcəyi gözlənilir», - deyə F.Qurbanov bildirib.

Səfir həmçinin Azərbaycan Dövlət Neft Şirkəti, Azərbaycan Beynəlxalq Bankı, «Azərbaycan Hava Yolları» ilə yanaşı, qeyri-dövlət bölməsində fəaliyyət göstərən şirkətlərin də tezliklə Britaniya bazarına çıxacağına əminliyini vurğulayıb: «Əminəm ki, bu sammit Azərbaycan investorlarının da Britaniya bazarına çıxması üçün şərait yaradacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR