Bank Of Baku

Azərbaycanda Kredit Bürosu yaradılacaq

Azərbaycanda Kredit Bürosu yaradılacaq
# 10 dekabr 2009 09:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il Azərbaycanda Kredit Bürosu yaradılacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan nümayəndəliyinin «Azərbaycanda və Orta Asiyada Maliyyə İnfrastrukturunun Gücləndirilməsi» layihəsinin (ACAFI) mütəxəssisi Teymur Heybətov bildirib.

Onun sözlərinə görə, Kredit Bürosu ACAFI layihəsi çərçivəsində yaradılacaq. Büro Azərbaycanın maliyyə sistemində risklərin, «pis» kreditlərin sayını, həmçinin kreditorların borc verilməsində əməliyyat xərclərinin azaldılmasına yardım edəcək, o cümlədən yeni kreditlərin sayını artıracaq: «Yaradılacaq Kredit Bürosu kiçik və orta bizneslə məşğul olan təşkilatlar, o cümlədən borcalan fiziki şəxslər barədə məlumat toplayacaq. Bununla yanaşı, Azərbaycan Mərkəzi Bankı (AMB) «Kredit Bürosu» haqqında qanun layihəsi hazırlayıb ki, 2010-cu ilin əvvəlində sözügedən qanun layihəsi müvafiq nazirliklərə göndəriləcək və onlar tərəfindən baxıldıqdan sonra ölkə parlamentinin müzakirəsinə veriləcək».

T.Heybətov onu da qeyd edib ki, Kredit Bürosu müvafiq qanun layihəsi qəbul olunduqdan sonra fəaliyyətə başlayacaq. Azərbaycanda fəaliyyət göstərən banklar borcalanlar barədə məlumatları Büroya ötürməli olacaqlar.

Büronun kapitalına gəldikdə isə, IFC-nin apardığı sorğuya əsasən Azərbaycanda fəaliyyət göstərən bankların 53%-i kapitalda iştirak etmək istəyini bildirib, 47%-i isə bundan imtina edib.

Qeyd edək ki, Kredit Bürosunun fəaliyyətinə AMB tərəfindən nəzarət olunacaq. Hazırda isə Azərbaycanda AMB-nin nəzdində kredit reyestri fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR