Bank Of Baku

Azərbaycan bank sistemində leverec azalıb

Azərbaycan bank sistemində leverec azalıb
# 11 dekabr 2009 08:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın bank sistemində leverec 2009-cu ilin oktyabrın 1-nə 81,3% təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 2,4 faiz bəndi azdır. “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanmış və cari ilin üç rübünü əhatə edən “Maliyyə Sabitliyi İcmal”ında bildirilir.

Qeyd edək ki, leverec bankların öhdəliklərinin orta aktivlərə nisbətidir.

Mərkəzi Bankın hesablamalarına görə, resursların artım dinamikasının stabilləşməsi kapitalın (o cümlədən nizamnamə kapitalın) artması ilə tarazlaşdırılıb. Nəticədə kapitalın aktivlərin maliyyələşdirilməsində payı ilin əvvəlindəki 16,3%-dən 18,7%-dək artıb. Bankların maliyyə resurslarının strukturunda ciddi dəyişikliklər baş verməyib. Maliyyə resurslarının mühüm mənbəyini əvvəlki dövrlərdə olduğu kimi, rezident hüquqi və fiziki şəxslərdən cəlb olunmuş depozitlər təşkil edir. Əhalinin əmanətləri ilin əvvəlindən 11,3% artaraq oktyabrın 1-nə 2 119,3 mln. manata bərabər olub. İlin əvvəlində əhalinin əmanətlərinin azalması müşahidə olunsa da, cari ilin II rübündən başlayaraq əmanətlərin artım templəri bərpa olunub və artıq may ayında əmanətlərin həcmi yanvarın 1-nə olan səviyyəsini də üstələyib. Nəticədə əhalinin əmanətlərinin bankların öhdəliklərində payı 23%-dən 25%-dək artıb.

Müddətli depozitlərin həcmi isə 17,3% artaraq oktyabrın 1-nə 1 685,2 mln. manat səviyyəsinə çatıb. Xarici maliyyələşmədən asılılığın nisbətən az olması səbəbindən (bankların xarici borcu onların öhdəliklərinin təxminən 18%-ni təşkil edir) Azərbaycan bank sisteminin beynəlxalq maliyyə bazarlarında olan dəyişikliyə həssaslığı az olub.

Banklar tərəfindən xarici borcun ödənişi vaxtında aparılıb və dövr ərzində onlar 1,6 mlrd. dollar məbləğində xarici borc ödəyib. Dünya maliyyə böhranı fonunda likvidlik riski ilə bağlı müəyyən gərginlik cari ilin ilk aylarında müşahidə olunub. Belə bir şəraitdə Mərkəzi Bank likvidlik riskinin idarə olunmasında banklara kredit və depozit mövqelərinə daha konservativ yanaşmağı tövsiyə edib. Nəticədə bank sektorunun ani likvidlik göstəricisinin səviyyəsi il ərzində sabit yüksək (76,6%) səviyyədə qalıb. Likvid aktivlərin cəmi aktivlərə nisbəti 20,6%, cəmi depozitlərə nisbəti isə 55,9% olub. Likvid aktivlərin strukturunda müxbir hesablarda olan vəsaitlərin payı azalıb, nağd vəsaitlərin və qiymətli kağızların payı isə artıb. Likvid aktivlərin həcmi tələb olunanadək depozitləri kifayət qədər yüksək səviyyədə (90%-dək) örtür və cari öhdəliklərin təxminən 46%-ni təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR