Bank Of Baku

Bakıda «Azərbaycan və Mərkəzi Asiyada maliyyə infrastrukturunun gücləndirilməsi Layihəsi»nin təqdimatı keçirilib

Bakıda «Azərbaycan və Mərkəzi Asiyada maliyyə infrastrukturunun gücləndirilməsi Layihəsi»nin təqdimatı keçirilib
# 15 dekabr 2009 11:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) İsveçrə hökuməti ilə birgə Azərbaycanda maliyyə bazarının infrastrukturunun təkmilləşdirilməsi, kiçik və orta müəssisələrin maliyyə vəsaitlərinə çıxış imkanlarının artırılması məqsədilə üç illik layihənin icrasına başlayıb.

«APA-Economics»in məlumatına görə, layihənin təqdimatı mərasimində çıxış edən IFC-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Aliyə Əzimova layihə barədə ətraflı məlumat verib və qeyd edib ki, 2001-ci ildən indiyədək IFC 40-dan artıq ölkədə kredit bürolarının açılmasında iştirak edib: «Kredit bürosunun yaradılması isə layihənin əsas komponentlərindədir».

A.Əzimova onu da qeyd edib ki, hazırda Azərbaycanda əhaliyə verilən kreditlərin həcmi ÜDM-in yalınz 2%-ni təhkil edir: «Bunu bir sıra layihə hesabına yaxşılaşdırmaq mümkündür ki, bunların sırasına IFC-nin «Azərbaycan və Mərkəzi Asiyada maliyyə infrastrukturunun gücləndirilməsi Layihəsi» də daxildir».

Tədbirdə çıxış edən İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin direktor müavini Filipp Keller bildirib ki, layihənin ümumi dəyəri 2,6 mln. ABŞ dolları təşkil edir və bu məbləğin 2,4 mln. dollarını İsveçrə hökuməti ayıracaq (qalan 200 min dollar IFC tərəfindən veriləcək): «Laiyhənin beş əsas məqsədi var ki, bunlar da öz növbəsində iki məqsədə qulluq edir. Birincisi – Kredit Bürosunun yaradılması, ikincisi isə kredit anderrayter siyasətinin təkmilləşdirilməsidir».

Layihənin rəhbəri olan Anastasiya Maryina tədbir zamanı layihənin komponentləri haqqında ətraflı məlumat verib və qeyd edib ki, layihə Azərbaycanla yanaşı Qırğızıstan, Tacikistan və Özbəkistanda həyata keçirilir: «Təcrübə göstərir ki, ölkədə Kredit Bürosunun yaradılması zəruri məsələdir. Sözügedən layihə həmçinin ölkədə fəaliyyət göstərən özəl şirkətlərin də potensialını artıracaq».

Tədbirdə çıxış edən AMB-nin Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin rəhbəri Elçin Həbibov qeyd edib ki, Kredit Bürosunun yaradılması ilə bağlı AMB artıq müvafiq qanun layihəsi hazırlayıb və 2010-cu ildə bu sənəd üzrə zəruri hüquqi prosedurlara başlanacağı gözlənilir: «Kredit Bürosu mövcud Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətini tamamlayacaq. Belə ki, bura nəinki banklar, həmçinin sığorta, lizinq, mobil rabitə və digər şirkətlər borcalanlar barədə məlumatlar ötürəcək».

E.Həbibov həmçinin bildirib ki, yeni Kredit Bürosu ölkənin iqtisadi reytinqinə də müsbət təsir göstərəcək.

Qeyd edək ki, Layihənin əsas məqsədləri sırasına kreditlər üzrə məlumat mübadiləsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, maliyyə təşkilatlarının institusional gücləndirilməsi, Kredit Bürosunun yaradılması və onun institusional gücləndirilməsi, risk-menecment proqramının yaradılması və bu istiqamətdə peşəkar təhsilin artırılması, əhalinin məlumatlandırılması və s. daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR