Bank Of Baku

«Azərpoçt»a əmanətlərin qəbuluna da icazə verilə bilər

«Azərpoçt»a əmanətlərin qəbuluna da icazə verilə bilər
# 17 dekabr 2009 14:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin sonuna kimi «Azərpoçt» dövlət müəssisəsinə maliyyə xidmətlərinin göstərilməsi üçün lisenziya verəcək. «APA-Economics»in məlumatına görə, bunu AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib.

A.Quliyevin sözlərinə görə, artıq lisenziyanın verilməsi üçün AMB tərəfindən bütün tədbirlər görülüb və «Azərpoçt»da lisenziyanın alınması üçün son tamamlama işləri həyata keçirilir: daxili informasiya və risklərin idarəedilməsi sistemləri qurulub, təşkilati və texniki məsələlər həll olunur.

A.Quliyev qeyd edib ki, artıq Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən maliyyə xidmətləri ilə bağlı «Azərpoçt»un yeni nizamnaməsi də təsdiqlənib. Hazırda qurumun maliyyə xidmətləri göstərməsi üçün idarəetmə orqanlarının təşkili üzrə tədbirlər həyata keçirilir. Bundan sonra AMB-nin «Azərpoçt»a bank olmayan kredit təşkilatları üçün nəzərdə tutulan lisenziya təqdim edəcəyi gözlənilir.

A.Quliyevin sözlərinə görə, «Azərpoçt»un maliyyə xidmətləri göstərməsinə başlaması bu sahədə rəqabət mühitinin daha da gücləndirəcək. Çünki «Azərpoçt» dövlət müəssisəsi ölkədə ən geniş filial şəbəkəsinə malik olan qurumdur. İlkin mərhələdə «Azərpoçt» tərəfindən hesablaşmaların aparılması, pulköçürmə əməliyyatları və əhaliyə sosial xidmətlər göstəriləcək. Növbəti mərhələlərdə isə əhalidən əmanətlərin cəlb edilməsi məsələsi gündəmə gətirilə bilər. Lakin «Azərpoçt» tərəfindən kreditlərin verilməsi istisna olunur.

Qeyd edək ki, sistemin yaradılması üzrə işlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, FACP konsaltinq şirkəti, «Azərpoçt», icraçı qurum olan «HP Azerbaijan» şirkət və onun layihədəki tərəfdaşları «Colvir» və «Sinam» şirkətləri tərəfindən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR