Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin əsas istifadə istiqamətləri təsdiqlənib

Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin əsas istifadə istiqamətləri təsdiqlənib
# 28 dekabr 2009 08:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin əsas istifadə istiqamətlərini təsdiqləyib. «APA-Economics»məlumatına görə, Neft Fondunun vəsaitlərinin xərclər istiqamətləri sırasında qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi, dövlət büdcəsinə transfert, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə yeni su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi, «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsi məsələləri yer alıb.

ARDNF-in investisiya siyasətinin məqsədi kimi 2010-cu ildə Neft Fondunda toplanan vəsaitin aşağı risk və aşağı qiymət dəyişkənliyi şəraitində idarə edilməsi və bu siyasətə uyğun olan gəlirliliyin əldə edilməsi qeyd olunur. Qarşıya qoyulan məqsədə nail olmaq üçün 2010-cu ildə Neft Fondunun vəzifəsi mühafizəkar, əsas kapitalın itirilməməsinə və təminatlı gəlirin əldə edilməsinə imkan verən investisiya siyasətinin yeridilməsidir.

ARDNF-in investisiya portfelinin proqnozlaşdırılan həcminə gəldikdə, 2010-cu il üzrə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan orta çəkili vəsait həcmi (məcmu dəyəri) 10,6 mlrd. manata bərabər götürülür. İnvestisiya portfelinin məcmu dəyəri investisiya portfelinə daxil olan aktivlərin aylıq olaraq yenidən qiymətləndirilməsi əsasında müəyyən edilir.

Neft Fondunun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə saxlanılmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Neft Fondunun vəsaitinin 100 mln. ABŞ dollarından az olmayan hissəsi nağd vəsait və ya onun ekvivalentlərində saxlanmalıdır. Bu vəsaitin həcminin göstərilən məbləğdən az olması halı 7 təqvim günündən çox davam etməməlidir.

Neft Fondunun investisiya portfelinin valyuta tərkibi (səbəti) üzrə tələblər aşağıdakı kimi nəzərdə tutulur:
- 50%-i ABŞ dollarında ifadə olunan aktivlərə;
- 40%-i avroda ifadə olunan aktivlərə;
- 5%-i İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə yerləşdirilir.

ARDNF-in investisiya portfelinin məcmu dəyərinin 5%-i isə «A» («Standard&Poor’s» və «Fitch» agentliklərinin şkalası üzrə) və ya «A2» («Moody’s» agentliyinin şkalası üzrə) kredit reytinqindən aşağı olmayan uzunmüddətli ölkə (suveren borc) reytinqinə malik olan ölkələrin valyutalarında və ya ABS dollarında və ya xüsusi çəkidəki mütənasiblik əsasında bölüşdürülərək ABŞ dolları, avro və funt sterlinqdə ifadə olunan aktivlərə yerləşdirilə bilər.

Risklərin idarə olunması üzrə tələblərə gəldikdə, sərəncama əsasən, faiz dərəcəsi riski Neft Fondunun investisiya portfelinin faktiki ortaçəkili investisiya müddəti (durasiyası) dünya bazarlarındakı cari vəziyyətdən asılı olaraq Fond tərəfindən müəyyən edilir və 48 ayı üstələməməlidir. Kredit riski - Neft Fondunun valyuta vəsaiti yalnız investisiya kredit reytinqli aktivlərdə və ya investisiya kredit reytinqli emitentlərin qiymətli kağızlarında yerləşdirilə bilər.

Bir maliyyə qurumunun (depozitar banklar istisna olmaqla) və ya bir investisiya aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15%-i həddində müəyyən edilir.

Neft Fondunun valyuta vəsaitinin xarici menecerlərin idarə edilməsinə verilən həcmi aşağıdakı kimi müəyyən edilir:

- xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi – investisiya portfelinin məcmu dəyərinin 60%-dən artıq olmayan hissəsi;
- bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimal həcmi - investisiya portfelinin məcmu dəyərinin 15%-dən artıq olmayan hissəsi.

Neft Fondunun investisiya portfelindəki aktivlərin (investisiya portfelinin idarəetmə xərcləri çıxılmaqla) idarə edilməsinin hədəf gəlirliliyi kimi Britaniya Bankirlər Assosiasiyası tərəfindən müvafiq valyuta üzrə dərc edilmiş 3 (üç) aylıq LIBOR faiz dərəcəsi götürülür.

Sərəncama əsasən, Fondun valyuta vəsaiti dövlət başçısının 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş «ARDNF-in valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar»da nəzərdə tutulan investisiya aktivləri və onların əldə edilməsi üçün zəruri əməliyyatların aparılması istisna olmaqla, başqa istiqamətlərə, o cümlədən qiymətli metalların və daşların, hər hansı daşınmaz əmlakın, malların alınmasına investisiya edilə bilməz.

Neft Fondunun valyuta vəsaiti idarə edilərkən valyuta arbitrajı, svop, forvard, fyüçers, opsion tipli törəmə qiymətli kağızlarla əməliyyatlar yalnız maliyyə bazarlarında əməliyyatların aparılması zamanı qiymətin, yaxud məzənnənin dəyişməsi ilə əlaqədar mümkün riskin minimuma endirilməsi (hecinq) və ya investisiya portfelinin valyuta tərkibinin və aktivlər strukturunun optimallaşdırılması məqsədilə həyata keçirilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR