Bank Of Baku

Azərbaycan icbari sosial sığortanın tətbiqinə hazırlaşır

Azərbaycan icbari sosial sığortanın tətbiqinə hazırlaşır
# 28 dekabr 2009 10:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Milli Məclisi iqtisadi siyasət və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında «İcbari sosial sığorta haqqında» qanunun layihəsinə dəyişikliklərin edilməsi məsələsi müzakirə olunub.

«APA-Economics»in bildirdiyinə görə, Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdiri Rauf Hacıyev bildirib ki, qanun layihəsinin adının «Fiziki şəxslərin iş yerlərində bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığortası haqqında» adı ilə əvəzləndiyini bildirib. R.Hacıyev qeyd edib ki, qanun layihəsindəki bəzi anlayışlar sadələşdirilib və redaktə olunub.

Millət vəkilləri də qanun layihəsi ilə bağlı bəzi təkliflərini səsləndiriblər. Deputat Vahid Əhmədov bildirib ki, qanun layihəsində sığorta tarifinin 2% götürülməsinə ehtiyac yoxdur. Bu tarif dərəcəsinin aşağı - 1%-dək endirilməsi lazımdır. Deputat həmçinin qanunda sui-istifadə hallarına yol verildiyini də qeyd edib.

Anoloji təkliflə deputat Əli Məsimov da çıxış edib. Ə.Məsimov qanun layihəsinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə qeyd edib ki, bu qanunun qəbulu sahibkarların, işəgötürənlərin məsuliyyətini artıracaq. Amma parlamentin yaz sessiyasında müzakirəyə çıxarılana qədər qanun layihəsinin təkmilləşdirilməsinin lazım olduğunu deyən M.Quliyev layihədə əksini tapmış «peşə xəstəliyi» anlayışının tam izahının verilməsini vacib sayır. Deputat həmçinin sığorta tariflərinin hər il deyil, üç ildən bir yenilənməsini təklif edib.

Maliyyə nazirinin müavini Azər Bayramov isə adıçəkilən qanunun qəbuluna zərurət olduğunu bildirib. Nazir müavini diqqətə çatdırıb ki, sığorta tarifi üçün 2% həddinin müəyyənləşdirilməsi yeni mexanizmdir. Amma nazirlik orta göstəricinin 1% civarında olacağını qeyd edib. Bununla belə müxtəlif sahələr üzrə müxtəlif tariflər hesablanacaq. Daha sonra A.Bayramov deputatların təklif və iradlarını cavablandırıb.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə qanun layihəsində müəyən boşluqların olduğunu istisna etməyib. Qanun layihəsi yaxın 1 ay ərzində yenidən işlənərək deputatların müzakirsinə təqdim olunacaq.

Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov isə jurnalistlərə bildirib ki, adıçıkilən qanun layihəsində icbari sosial sığorta növü üzrə maksimal tarif 2% nəzərdə tutulub. Bu tariflərdə fərqlənmə olacaq, yəni inzibati, idarəetmə heyəti, istehsalatla məşğul olan heyət arasında fərq qoyulacaq: «Digər ölkələrdə bu tarif daha yüksəkdir. Məsələn, Qazaxıstanda bir sıra sahələrdə bu hətta 5-6%-ə çatır. Tarifin məhdudlaşdırılması bu sahələrin sığorta bazarında kiçik payına malik olması ilə əlaqəlidir. Bu sığorta növü üzrə yığımların həcmini proqnozlaşdırmaq hələ də mümkün deyil. Tariflərin dəqiq müəyyən edilməsindən sonra, sahələrdə orta əməkhaqqı və işçilərin sayını nəzərə alınmaqla hesablamaq mümkün olacaq».

Qeyd edək ki, iclasda həmçinin Əmək Məcəlləsinə texniki dəyişikliklər də müzakirə olunaraq parlamentin plenar sessiyasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR