Bank Of Baku

Azərbaycanın xidmətlər balansı üzrə mənfi saldo azalıb

Azərbaycanın xidmətlər balansı üzrə mənfi saldo azalıb
# 28 dekabr 2009 10:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyə balansında əks olunmuş 2009-cu ilin yanvar-sentyabr ayları ərzində xarici dövlətlərlə ölkənin iqtisadi əlaqələrində qarşılıqlı xidmətlərin ümumi həcmi 3 459,1 mln. ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 2 188,4 mln. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə, 1 270,7 mln. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərdiyi xidmətlərin payına düşür. Beləliklə, xidmətlər balansının saldosu mənfi 917,7 mln. dollar olub. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisıdə xidmətlər üzrə mənfi saldo təxminən 2 dəfə azalıb.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 29%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 1 011,3 mln. dollara bərabər olan nəqliyyat xidmətlərinin 48,8%-i Azərbaycan rezidentlərinin xarici dövlətlərin nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədar olub. Öz növbəsində Azərbaycanın rezidentlərinin göstərdiyi nəqliyyat xidmətlərinin ümumi dəyəri 518,1 mln. dollar təşkil edib.

Mərkəzi Bankın hesablamalarına görə, 2009-cu ilin yanvar-sentyabr ayları ərzində xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 246 mln. dollar məbləğində qiymətləndirilir ki, bunun 43,9%-i qeyri-rezidentlərin Azərbaycana işgüzar səfərləri ilə bağlı olub. Xarici iş adamlarına Azərbaycana səfərləri zamanı göstərilən xidmətlərin dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artaraq 107,9 mln. dollara çatıb. Öz növbəsində xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 5,4% artaraq 244,2 mln. dollar olub. Bunun 88,5%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin payına düşür.

Ümumiyyətlə, ölkənin xarici dövlətlərlə əmtəə və xidmətlər üzrə ümumi idxal-ixrac dövriyyəsində qarşılıqlı xidmətlərin xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz bəndi artaraq 15,1% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR