Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı: 2009-cu ildə pul siyasəti anti-böhran xarakteri daşıyıb

Azərbaycan Mərkəzi Bankı: 2009-cu ildə pul siyasəti anti-böhran xarakteri daşıyıb
# 30 dekabr 2009 08:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasəti 2009-cu ildə anti-böhran xarakteri daşıyaraq makroiqtisadi sabitliyin qorunmasına, maliyyə sabitliyinin gücləndirilməsinə, iqtisadiyyatda likvidliyin təmin edilməsinə, sistem əhəmiyyətli bank və müəssisələrin fəaliyyətinin stabilləşdirilməsinə yönəlib. «APA-Economics»in məlumatına görə, bu barədə Mərkəzi Bankının «2010-cu il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanat»ında deyilir.

Bəyanatda göstərilir ki, Azərbaycana xarici maliyyə axınlarının əhəmiyyətli azalmasına, qonşu ölkələrdəki devalvasiya dalğasının psixoloji təsirinə baxmayaraq, manatın məzənnəsinin sabitliyi qorunub. Manatın sabitliyini qorumaq üçün Mərkəzi Bank valyuta bazarında tələb və təklifi vaxtında tarazlaşdırıb, nəticədə manatın məzənnəsinin kəskin ucuzlaşmasının qarşısı alınıb. Manatın məzənnəsinin sabitliyi idxalın və daxili istehsalda istifadə olunan xarici mənşəli əmtəələrin kəskin bahalaşmasının qarşısını alıb. Daxili istehlak bazarında idxalın xüsusi çəkisinin əhəmiyyətli olması şəraitində yeridilmiş məzənnə siyasəti cari ilin yanvar-noyabr aylarında orta illik inflyasiyanın 1,5%-lik səviyyəsində saxlanmasında mühüm rol oynayıb.

Mərkəzi Bankın hesablamalarına görə, aşağı inflyasiya və məzənnə sabitliyi əhalinin sosial vəziyyətinin qorunmasına imkan verib, əhalinin pul gəlirlərinin real artımı hesabat dövrü ərzində 6% olub. İnflyasiyanın aşağı səviyyəsi və çoxtərəfli məzənnənin əlverişli olması ölkənin rəqabət qabiliyyətliyinin saxlanılmasına imkan verib, ötən dövr ərzində manatın çoxtərəfli real məzənnəsi 5,5% ucuzlaşıb. Manatın məzənnəsinin sabitliyi həm də əhalinin əmanətlərinin dəyərsizləşməsi, xarici valyutada borc yükünün bahalaşması, manata etimadın azalması və iqtisadiyyatda yüksək dollarlaşmanın qarşısını alıb.

Bəyanatda deyilir ki, 2009-cu ildə, xüsusən ilin əvvəlində dünya iqtisadiyyatında tənəzzül meylləri artıb, əmtəə bazarlarında qiymətlər, maliyyə bazarlarında aparıcı indekslər aşağı düşüb. İlin əvvəlində aparıcı ölkələrdə ipoteka defoltları, bankların problemli kreditlərinin artması, istehlak xərcləri və investisiyaların azalması, işsizlik səviyyəsinin artması müşahidə edilib. Dünyanın əksər inkişaf etmiş ölkələri ilin ilk rübünü ÜDM-in kəskin azalması ilə başa vurub. Bu şəraitdə bir çox ölkələrdə pul siyasəti əhəmiyyətli yumşaldılıb, dövlət xərcləri və büdcə kəsirləri artırılıb, eyni zamanda maliyyə sistemi üzərində nəzarət gücləndirilib.

AMB-də qeyd edirlər Ki, dünya böhranı Azərbaycana da müəyyən təsir göstərib və ölkə iqtisadiyyatı bir sıra risklərlə üzləşib. Qlobal böhranın ölkəyə təsiri əsasən neftin və digər qeyri-neft ixrac məhsullarının qiymətinin aşağı düşməsi, bank sisteminə xarici kredit axınlarının kəskin məhdudlaşması, xaricdən pul baratlarının azalması vasitəsilə özünü göstərib. Nəticədə, ölkə iqtisadiyyatı makroiqtisadi sabitliyin pozulması (milli valyutanın devalvasiyası və inflyasiyanın yüksəlməsi), maliyyə sabitliyinin pozulması (bankların kredit portfelinin keyfiyyətinin əhəmiyyətli pisləşməsi və əmanətlərin bank sektorundan geri çağrılması, bankların ödəniş qabiliyyətinin pisləşməsi, iqtisadiyyatın kreditləşməsinin dayanması) və iqtisadi geriləmənin baş verməsi, yaradılmış iş yerlərinin itirilməsi kimi risklərlə üzləşə bilərdi.

Anti-böhran tədbirləri sırasında 2009-cu ildə «Mərkəzi Bank haqqında» qanuna edilən dəyişikliklər mühüm rolu oynayıb. Qanuna dəyişikliklər və əlavələr mərkəzi bankların statusuna dair son qlobal meylləri özündə əks etdirib. Mərkəzi Bank banklara daha uzun müddətə və müxtəlif valyutalarda kreditlər, o cümlədən subordinasiya kreditləri vermək imkanı əldə edib. Mərkəzi Bank başlıca makroiqtisadi tendensiyaları və real sektorda fəaliyyət göstərən müəssisələrin mikroiqtisadi monitorinqinin nəticələrini nəzərə alaraq uçot dərəcəsini ötən ilin sonlarından bəri 15%-dən 2%-ə, məcburi ehtiyat normalarını isə 12%-dən 0,5%-ə endirib. Ümumilikdə, dolayı və birbaşa alətlər hesabına Mərkəzi Bank 2008-ci ilin oktyabrından iqtisadiyyatı təqribən 1,8 mlrd. manatlıq likvidliklə təmin edib. Bu likvidlik dəstəyi bank sistemi ilə yanaşı sistem əhəmiyyətli real sektor müəssisələrini, o cümlədən Azərbaycan Dövlət Neft Şirkəti, «Azəralüminium» ASC-ni əhatə edib, bu şəraitdə cari ilin ilk 11 ayında ölkədə iqtisadi artım davam edərək 9% təşkil edib.

Bəyanata əsasən, Mərkəzi Bankın likvidlik siyasəti pul təklifinə azaldıcı faktorları əsasən neytrallaşdırıb, bununla iqtisadi artımın və məşğulluğun əsası olan məcmu tələbin maliyyə mənbələrinin kəskin daralmasının qarşısını alıb. Manatla geniş pul kütləsi cari ilin II rübündə 2,8%, III rübdə 7,2%, oktyabr-noyabr aylarında isə 6,8% artıb. Bu şəraitdə kreditlər üzrə orta faiz dərəcələri iyun ayından azalmağa doğru meyl göstərir.

Mərkəzi Bankın böhrandan əvvəl həyata keçirdiyi tədbirlər nəticəsində bank aktivlərinin yüksək və riskli artım templəri məhdudlaşdırılıb, xarici borcların həcminin tənzimlənməsi sistemi tətbiq edilib, oxşar region ölkələrindən fərqli olaraq Azərbaycanda xarici borclar bankların öhdəliklərinin cəmi 20%-i səviyyəsində məhdudlaşdırılıb, kapitallaşma və maliyyə ehtiyatlanması səviyyəsi əhəmiyyətli artırılıb və prudensial tənzimləmə normativləri və çərçivəsi sərtləşdirilib. Bundan başqa, bankların likvidlik mövqeyi idarəetməyə alınıb, xarici borcların yenidən maliyyələşməsi həyata keçirilib, sistem əhəmiyyətli institutlara zəruri likvidlik dəstəyi verilib, bankların korporativ idarəetmə, xüsusilə risklərin idarə olunması sistemlərinə tələblər artırılıb, qorunan əmanətlərin məbləği 6 dəfə artırılaraq 30 min manata çatdırılıb, Mərkəzi Bankın qarantiyası ilə banklararası pul bazarı fəaliyyətə başlayıb və bu bazar banklar arasında cari likvidliyin hərəkətinin yüksək çevikliyini təmin edib.

Bəyanatda deyilir ki, həyata keçirilmiş anti-böhran proqramı nəticəsində bank sektorunun maliyyə dözümlülüyü daha da güclənib:

- bank sistemi cari öhdəliklərinin təqribən 80%-i səviyyəsində likvid aktivlərə malikdir ki, bu da minimal normadan (30%) çoxdur;

- sektorun kapital adekvatlığı göstəricisi qəbul edilmiş normadan iki dəfə çox - 19% olub;

- kredit portfelinin keyfiyyəti məqbul səviyyədə qorunub saxlanılıb, vaxtı keçmiş kreditlərin ümumi portfeldə xüsusi çəkisi 3,3% təşkil edir;

- bankların maliyyə nəticələri müsbət olub, cari ilin 11 ayında aktivlər üzrə gəlirlik (ROA) 2,6%, kapitalın gəlirliyi (ROE) isə 17,8% təşkil edir.

Ümumilikdə, 2009-cu ilin yanvar-noyabr aylarında bankların aktivləri 8,6%, kredit qoyuluşları 12,1%, əhalinin əmanətləri 18,2% artıb. Cari ildə banklar 1,2 mlrd. dollar həcmində xarici borc ödəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR