Bank Of Baku

Gələn il Azərbaycanda ipoteka kreditləşməsi genişləndiriləcək

Gələn il Azərbaycanda ipoteka kreditləşməsi genişləndiriləcək
# 30 dekabr 2009 09:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) 2010-cu ildə 3% səviyyəsində orta illik rəsmi inflyasiya proqnozunun reallaşmasına dəstək verəcək. Eyni zamanda, məcmu tələbin amillərindən, qlobal iqtisadiyyatın bərpası prosesinin daxili inflyasiyaya təsirindən asılı olaraq, bu proqnoz il ərzində dəqiqləşdirilə bilər. «APA-Economics»in məlumatına görə, bu barədə Mərkəzi Bankın «2010-cu il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanat»ında deyilir.

Sənədə əsasən, Mərkəzi Bank 2010-cu ildə həmçinin manatın məzənnəsinin sabitliyinin qorunması siyasətini həyata keçirəcək ki, neftin qiymətinin proqnozunun ən konservativ ssenarisində belə ölkənin tədiyə balansında kifayət həcmdə profisitin proqnozlaşdırılması manatın məzənnəsinin sabitliyi üçün fundamental əsasdır. Məzənnə siyasəti yeridilərkən ölkənin beynəlxalq rəqabət qabiliyyətinin qorunması da nəzərə alınacaq.

Ortamüddətli dövrdə Mərkəzi Bank böhrandan sonrakı dövrün tələblərinə uyğun olaraq yeni pul siyasəti çərçivəsinin formalaşmasına və tətbiqinə başlayacaq. Bu siyasətin birinci pilləsində inflyasiya hədəfi, digər makroiqtisadi hədəflər və buna adekvat tənzimləmə alətləri, ikinci pilləsində isə maliyyə sektorunda sabitlik hədəfləri, sektorda aktivliyi və riskləri idarə edəcək makro-prudensial alətlər istifadə ediləcək.

Maliyyə sabitliyinin qorunması tədbirləri gələn il başlıca olaraq bank sistemində risklərin çevik idarə olunmasına yönələcək. Bu vəzifəni həyata keçirmək üçün Mərkəzi Bank 2010-cu ildə bank sektorunda maliyyə ehtiyatlanması və kapitallaşma siyasətinin davam etdirilməsi, likvidlik göstəricilərinin məqbul səviyyədə saxlanılması, bank sektorunun kontr-dövrli davranış çərçivəsinin gücləndirilməsi, bank sektorunun kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, bank sektorunda korporativ idarəetmə və risk menecmenti potensialının artırılması kimi tədbirləri görəcək.

Maliyyə sektorunun institusional inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi nəzərdət tutulur ki, bunlar ilk növbədə bank sistemində konsolidasiya tədbirləri, sistem əhəmiyyətli banklarda isə restrukturizasiyaya aid olacaq.

Bəyanatda deyilir ki, iqtisadiyyatın kapitalizasiya tələbatına uyğun maliyyə resurslarına çıxışın yeni mexanizmləri və institutlarının təşviqi təmin olunacaq, xüsusilə regionlarda bu prosesin sürətlənməsinə diqqət yetiriləcək, bank olmayan kredit təşkilatlarının fəaliyyəti genişləndiriləcək, mikromaliyyələşmə şəbəkəsinin genişlənməsi dəstəklənəcək, ipoteka kreditləşməsi genişləndiriləcək, dövlət büdcəsində nəzərdə tutulan sosial ipoteka mexanizminin tətbiqi davam etdiriləcək. Eyni zamanda, ipoteka mexanizminin təkmilləşdirilməsi çərçivəsində yeni ipoteka modelinin hazırlanması məqsədilə yaşayış, tikinti-əmanət banklarının fəaliyyətə başlaması üçün müvafiq tədbirlər həyata keçiriləcək. Bundan başqa, gələn il yeni poçt-bank maliyyə xidməti və vasitəçiliyi şəbəkəsinin işə salınması və nağdsız ödənişlərin miqyasının artırılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR