Bank Of Baku

Azərbaycanda toplanan sığorta haqlarının həcmi 152 mln. manatı keçib

Azərbaycanda toplanan sığorta haqlarının həcmi 152 mln. manatı keçib
# 30 dekabr 2009 11:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının həcmi 152,275 mln. manata çatıb.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə həyata keçirilən sığorta ödənişlərinin ümumi həcmi 46,641 mln. manat təşkil edib.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 0,843 mln. manat, qeyri-həyat sığortası üzrə 123,464 mln. manat, icbari sığorta növləri üzrə isə 27,967 mln. manat olub.

Ödənişlərə gəldikdə, həyat sığortası üzrə 0,412 mln. manat, qeyri-həyat sığortası üzrə 36,929 mln. manat, icbari sığorta növləri üzrə isə 9,301 mln. manat həcmində ödəniş aparılıb.

Bundan başqa, daxilolmaların strukturunda ən çox sığorta haqqı «Avtonəqliyyat vasitələrinin sığortası» (28,676 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (23,833 mln. manat), «Ümumi mülki məsuliyyətin sığortası» (21,093 mln. manat), «Tibbi sığorta» (19,306 mln. manat) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (17,006 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 18,83%, 15,65%, 13,85%, 12,68% və 11,17% təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Avtonəqliyyat vasitələrinin sığortası» (14,588 mln. manat və ya 31,28%), «Tibbi sığorta» (12,804 mln. manat və ya 27,45%) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (7,946 mln. manat və ya 17,03% ) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR