Yuxarıda qeyd olunduğu kimi, 2009-cu ildə manatın bu valyutalara qarşı məzənnəsinin formalaşmasında əsasən xarici amillər rol oynayıb. Belə ki, dünya maliyyə böhranı nəticəsində maliyyə bazarlarında cərəyan edən proseslər, ABŞ və Avrozona ölkələrinin hökumətləri tərəfindən böhrana qarşı tədbirlərə və xammal bazarlarında vəziyyətlə bağlı dolların dünya miqyasında ucuzlaşması başlayıb. Bu isə Azərbaycanda da öz əksini tapıb.
Qeyd edək ki, il ərzində dollar avroya qarşı 2,8% ucuzlaşıb. Dünyada dolların ucuzlaşması Azərbaycanda dolların ucuzlaşmasında deyil, əsasən avronun bahalaşmasında əksini tapıb. Bunun əsas səbəbi kimi Azərbaycan iqtisadiyyatının, mütəşəkkil və pərakəndə xarici ticarət əməliyyatlarının, ölkə daxili hesablaşmalarda dolların rolunun daha böyük olması ilə bağlıdır ki, dolların manata qarşı dəyərdən düşməsinin nəticələri avronun bahalaşmasının nəticələrdən daha əhəmiyyətli hesab olunur.
Həmçinin, burada psixoloji amil də az rol oynamayıb, çünki Azərbaycanda məhz dollar ənənəvi olaraq yığım valyutası kimi qəbul olunur və bu valyutanın ucuzlaşması əhali arasında müxtəlif gözlənilməz nəticələrlə müşayiət oluna bilər. Sadəcə olaraq dolların Azərbaycanda da dünyadakı kimi 2,8%-lik ucuzlaşması dolların 0,80 manatlıq psixoloji həddindən aşağı düşməsi ilə nəticələnə bilərdi ki, bu da əhali tərəfindən mənfi qarşılanardı. Bununla belə, Azərbaycanda dolların məzənnəsi il ərzində, demək olar ki, sabit qalıb, ölkə iqtisadiyyatında daha az rol oynayan avronun məzənnəsi isə 3,4% yüksəlib.