Bank Of Baku

Bakı Fond Birjasının büdcəsi qəbul edilib

Bakı Fond Birjasının büdcəsi qəbul edilib
# 08 fevral 2010 13:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakı Fond Birjasının (BFB) səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, yığıncaqda Birjanın 2010-2012-ci illər üzrə Strateji Planı qəbul edilib.

Sənədə əsasən, qiymətli kağızlarla ticarətin mexanizminin və klirinq-hesablaşma sistemlərinin təkmilləşdirilməsi və avtomatlaşdırılmasının başa çatdırılması, risklərin idarə edilməsi sistemlərinin modifikasiyası və standartlaşdırılması, həmçinin daxili potensialın inkişaf etdirilməsi növbəti 3 il ərzində birjanın fəaliyyətinin prioritet istiqamətləri kimi qəbul edilib. Ortamüddətli perspektivdə isə BFB-nin əsas strateji hədəflərindən biri olaraq yeni birja alətlərinin işlənib hazırlanması müəyyən edilib.

Yığıncaqda həmçinin BFB-nin 2010-cu il üzrə büdcəsi qəbul edilib. Büdcədə cari il üzrə birjanın gəlirlərinin 1 312 800 manat, xərclərinin 1 111 490 manat, mənfəətin isə 201 310 manat məbləğində olacağı planlaşdırılır.

Yığıncaqda səhmdarlar tərəfindən təşkilati məsələlərə də baxılıb. Belə ki, BFB-nin növbəti 2 il üzrə Müşahidə Şurasının yeni tərkibi sədr Cahangir Hacıyev (Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyətinin sədri) və üzvlər Araz Əliyev («Kapital Bank» ASC-nin İdarə Heyətinin sədr müavini), Samir Balayev («Unibank» ASC-nin Müşahidə Şurası sədrinin müşaviri), Mansur Məmmədov («Caspian Financial» MMC-nin direktoru), Mətanət İskəndərova («Standard Capital» MMC-nin direktoru), Cəfər İbrahimov («Texnika Kapital Menecment» MMC-nin direktoru) və Həsən Bədəlov («Azərbaycan Sənaye Bankı» ASC-nin İdarə Heyətinin sədr müavini) olmaqla təsdiq edilib. Daha sonra növbəti 3 il müddətinə BFB-nin İdarə Heyətinin sədri vəzifəsinə yenidən Xəyal Abdinov təyin edilib. Həmçinin birjanın Maliyyə-Təftiş Komissiyasının yeni tərkibi sədr Vaqif Əfəndiyev, üzvlər Faiq Baxşıyev və Mətin Əmiraslanov olmaqla təsdiq edilib.

Yığıncağın sonunda səhmdarlar «Xalq Kapital» MMC-nin BFB-nin səhmdarları sırasına daxil edilməsi ilə bağlı müraciətini nəzərdən keçirib. Qərara alınıb ki, birjanın xalis aktivlərinin dəyəri nəzərə alınmaqla əlavə emissiya ediləcək 300 ədəd səhm nominal qiymətinin iki mislindən artıq məbləğdə dəyərləndirilərək yeni səhmdara təklif ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR