Bank Of Baku

Bakıda Azərbaycan üçün Korporativ İdarəetmə üzrə Standart və Normalara Əməl Olunma Hesabatının təqdimatı keçiriləcək

Bakıda Azərbaycan üçün Korporativ İdarəetmə üzrə Standart və Normalara Əməl Olunma Hesabatının təqdimatı keçiriləcək
# 08 fevral 2010 14:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il fevralın 11-də Qlobal Korporativ İdarəetmə Forumu, Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşkilatçılığı ilə Bakıda Azərbaycan Korporativ İdarəetmə Layihəsi çərçivəsində Azərbaycan üçün Korporativ İdarəetmə üzrə Standart və Normalara Əməl Olunma Hesabatının (ROSC) təqdimatı keçiriləcək.

IFC-nin Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, ROSC son zamanlar korporativ idarəetmə qaydalarında edilən dəyişiklikləri əks etdirir, korporativ idarəetmə siyasətinə dair tövsiyələr verir və investorlara Azərbaycanda korporativ idarəetmənin səviyyəsini müəyyən etməyə yardım göstərir. Qiymətləndirmə DB və Beynəlxalq Valyuta Fondunun birgə təşəbbüsünün bir hissəsidir və müxtəlif yerli maraqlı şəxslərlə birgə əməkdaşlıq nəticəsində hazırlanıb.

Azərbaycan üçün ROSC 2009-cu ilin aprel ayında hazırlanıb və bütün müvafiq dəyişiklikləri əks etdirmək üçün 2009-cu ilin sentyabr ayınadək nəzərdən keçirilib. Hesabat yerli qanunvericiliyi İƏİT-in Korporativ İdarəetmə Prinsipləri ilə müqayisə edir və xüsusilə açıq səhmdar cəmiyyətlərinə diqqət verir. Hesabatda 2005-ci ildən etibarən mühüm tərəqqinin baş verdiyi qeyd edilir. Eyni zamanda qanunvericilikdə bəzi boşluqlar aşkar edilib, ictimaiyyətin qanunvericiliklə kifayət qədər tanış olmadığı və bəzən ona riayət etmədiyi müşahidə olunub. Hesabatda bu boşluqları aradan qaldırmaq üçün tövsiyələr verilir və donorların əlavə dəstək göstərə biləcəyi vurğulanır.

Qeyd edək ki, konfransda 100-dən artıq dövlət və beynəlxalq təşkilatların, özəl sektorun, həmçinin biznes assosiasiyalarının nümayəndələri iştirak edəcək. Tədbirin məqsədi hesabatda aşkar edilmiş əsas faktları və tövsiyələri təqdim etmək, həmçinin məsələyə yerli baxışı və Azərbaycanda korporativ idarəetmənin inkişafında müəyyən edilmiş əsas prioritetləri müzakirə etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR