Bank Of Baku

Azərbaycan banklarının qeyri-standart aktivləri son bir ildə 38% artıb

Azərbaycan banklarının qeyri-standart aktivləri son bir ildə 38% artıb
# 10 fevral 2010 08:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının aktivlərinin strukturunda qeyri-standart aktivlərin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 533,80 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin əvvəli ilə müqayisədə bu göstərici 146,06 mln. manat və ya 37,7% artıb. Eyni zamanda, qeyri-standart aktivlərin xüsusi çəkisi də il ərzində az miqdarda artıb. Belə ki, ötən ilin yanvarın əvvəlinə bu göstərici 4,4% təşkil etdiyi halda, 2010-cu ilin yanvarın 1-nə artıq 5%-ə yüksəlib.

Qeyri-standart aktivlərin tərkibinə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər daxildir. Cari ilin əvvəlinə qeyri-qənaətbəxş aktivlərin həcmi 215,43 mln. manata (illik artım – 54,8%), təhlükəli aktivlərin həcmi 178,55 mln. manata (illik artım – 18%), ümidsiz aktivlərin həcmi isə 139,83 mln. manata (illik artım – 43,8%) bərabərdir. Beləliklə, qeyri-standart aktivlərin strukturunda qeyri-qənaətbəxş aktivlərin xüsusi çəkisi 40,4%, təhlükəli aktivlərin xüsusi çəkisi 33,4% və ümidsiz aktivlərin xüsusi çəkisi 26,2% təşkil edir.

Qeyd edək ki, qeyri-standart aktivlərin həcmi və xüsusi çəkisinin 2008-ci ilin IV rübündən başlayaraq tədricən artması müşahidə olunur və bunun obyektiv səbəbləri mövcuddur. Belə ki, dünya maliyyə böhranı nəticəsində Azərbaycan bank sistemində likvidlik problemi yaranıb, banklar kreditləşməyə daha ehtiyatla yanaşmağa başlayıb, istehlak kreditləşməsi qismən və ya tam dayandırılıb, iqtisadi böhran nəticəsində isə ölkə iqtisadiyyatında ticarət konyunkturu mənfiyə doğru dəyişib. Nəticədə, alıcılıq qabiliyyəti müəyyən dərəcədə düşüb, bir sıra borcalanların biznesi və maliyyə vəziyyəti pisləşib ki, bu səbəbdən kreditorların ödəniş qabiliyyəti aşağı düşüb. Bundan başqa, kredit olmayan aktivlərin strukturunda pisləşmə prosesinə həm daşınmaz əmlak bazarı, həm xarici valyutaların qeyri-müəyyənliyi, ilin əsas hissəsi ərzində müşahidə olunan deflyasiya və digər amillər təsir edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR