Bank Of Baku

Azərbaycanda nəzarət-kassa aparatlarına məsafədən ötürmə qurğuları qurulur

Azərbaycanda nəzarət-kassa aparatlarına məsafədən ötürmə qurğuları qurulur
# 10 fevral 2010 10:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda nəzarət-kassa aparatlarına (NKA) məsafədən ötürmə qurğuları qurulur.

«APA-Economics»in xəbərinə görə, bu barədə vergilər nazirinin birinci müavini Natiq Əmirov məlumat verib.

Bu qurğular vasitəsilə NKA-ların yaddaşındakı məlumatlar Vergilər Nazirliyinin Atomatlaşdırılmış Vergilər İnformasiya Sisteminə (AVİS) ötürüləcək.

«Məsafədən ötürmə qurğularının quraşdırılması nazirliyin öz hesabına həyata keçiriləcək və bunun üçün vergi ödəyicilərindən heç bir haqq alınmayacaq. Vergi xidməti əməkdaşları bu xidmət tətbiq olunandan sonra mağazaya gəlmədən NKA-ya nəzarət edə biləcəklər», - deyə nazir müavini vurğulayıb.

N.Əmirov qeyd edib ki, yeni sistem vasitəsilə sahibkarlar, xüsusən yanacaqdoldurma məntəqələrinin sahibləri mağazalarına on-line nəzarət imkanı əldə edəcək.

N.Əmirovun sözlərinə görə, proqram özü hansı mağazada çekin vurulub-vurulmamasını müəyyənləşdirəcək. Həmin mağaza dərhal «Risk» qrupuna salınacaq və auditə məlumat ötürüləcək. Bu sistem vasitəsilə vergi orqanı vergi ödəyicisi ilə əks-əlaqə də saxlaya biləcək. Bu zaman NKA aparatına SMS göndəriləcək.

NKA-ya qurulmuş sistemdə məlumatlar mobil operatorlar vasitəsilə AVİS-ə ötürüləcək: «Hazırda bütün mobil operatorlarla əməkdaşlıq edirik. Seçim hansı şəbəkənin hansı ərazidə yaxşı işləməsindən asılıdır».

Nazir müavini onu da vurğulayıb ki, bu günədək Bakıda əsasən ərzaq satan və ticarət dövriyyəsi böyük olan 50-dək mağazada bu qurğu qurulub. Cari ildə ölkə üzrə minimum 1000, maksimum 2000 NKA bu sistemə qoşulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR