Bank Of Baku

Azərbaycan parlamenti «2009-cu ilin dövlət büdcəsinin icrası haqqında» qanun layihəsini təsdiq edib

Azərbaycan parlamenti «2009-cu ilin dövlət büdcəsinin icrası haqqında» qanun layihəsini təsdiq edib
# 25 may 2010 14:57 (UTC +04:00)
APA-nın xəbərinə görə, sənəd haqqında iclasda məlumat verən parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini deyib. Onun sözlərinə görə, artıq Azərbaycan borc alan dövlətdən. borc verən dövlətə çevrilib: «2009-cu ildə nəzərdə tutulan proqramların əsas hissəsi yerinə yetirilib. Dövlət başçısı tərəfindən parlamentə təqdim olunan bu sənəd mükəmməl səviyyədə hazırlanıb».

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov «2009-cu ilin dövlət büdcəsinin icrası haqqında» qanun layihəsinin «Büdcə sistemi haqqında» qanuna uyğun hazırlandığını deyib. Onun sözlərinə görə, ötən ilin büdcəsinin icrası dünyada hökm sürən maliyyə böhranı şəraitində yerinə yetirilib: «Qlobal maliyyə böhranı Azərbaycandan da yan ötməyib. Dövlət başçısının göstərişləri nəticəsində yerinə yetirilən tədbirlər hesabına böhranın təsirinin qarşısı alınıb. Azərbaycan iqtisadiyyatı belə bir şəraitdə dayanıqlığını nümayiş etdirib. Beynəlxalq təşkilatlar da Azərbaycandakı anti-böhran tədbirlərini yüksək qiymətləndirib».

Maliyyə naziri qeyd edib ki, 2009-cu ildə dövlət büdcəsinin mədaxil proqnozu 12 177 mln. manata qarşı 10 325,9 mln. manat və ya 84,8% icra olunub, bu da 2008-ci illə müqayisədə 436,8 mln. manat və ya 4,1% azdır. Büdcə gəlirlərinin 39,8%-i Vergilər Nazirliyi, 10,8%-i Dövlət Gömrük Komitəsi, 47,6%-i Dövlət Neft Fondu tərəfindən daxil olub: «2009-cu ildə Vergilər Nazirliyi tərəfindən proqnozun kəsirlə icra edilməsi neft sektorunda baş verən amillərlə bağlı olub. İlk növbədə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti üzrə 2009-cu ildə gündəlik hasilatın proqnozlaşdırılan səviyyədən 32% və ya 257,5 min barel aşağı olması qeyd edilməlidir. Eyni zamanda, 2009-cu ildə xam neftin orta ixrac qiyməti proqnozların tərtibi üçün nəzərdə tutulduğundan 7,9 dollar aşağı olub».

S.Şərifov bildirib ki, 2009-cu ildə dövlət büdcəsinin xərcləri 12 355 mln. manat proqnoza qarşı 10 503,8 mln. manat və ya 85% səviyyəsində icra edilib.

Hesablama Palatasının sədri Heydər Əsədov «2009-cu ilin dövlət büdcəsinin icrası haqqında» qanun layihəsinə müsbət rəy verdiklərini deyib. Onun sözlərinə görə, son illər xarici dövlətlərdə büdcə kəsirinin artması ikinci qlobal maliyyə böhranının baş verməsi ehtimalını artırır: «Dünya ölkələri bu vəziyyətlə bağlı müxtəlif mübarizə metodu seçir. Azərbaycanda isə borclanma yüksək deyil. Ötən il borclanma ÜDM-in 7%-indən çox olmayıb».

Deputat Fəzail Ağamalı deyib ki, Hesablama Palatası Kürün sahilində bəndvurma işlərinə ayrılan vəsaitin hansı formada xərclənməsi ilə bağlı araşdırma aparmalıdır.

Deputat Vahid Əhmədov isə iyunda parlamentin növbədənkənar sessiyası ərzində 2010-cu ilin dövlət büdcəsinə əlavə və dəyişikliklərin ediləcəyini, həmin vaxt çayların daşması ilə bağlı əlavə vəsaitlərin ayrılmasının zəruri olduğunu deyib: «Azərbaycanda tək Kür çayı deyil, ölkənin bütün bölgələrindəki çaylar daşaraq əkin sahələrini basır. Bu sahəyə ciddi diqqət yetirilməlidir».

Deputat Nazim Məmmədov böhran dövründə hökumətin uğurlu fəaliyyət göstərdiyini, nəzərdə tutulan sosial proqramların yerinə yetirildiyini deyib. Onun sözlərinə görə, regionlarda qeyri-neft sektorunun inkişaf etdirilməsi yüksək qiymətləndirilməlidir: «Maliyyə Nazirliyi struktur islahatları aparmalı, rayonlardakı maliyyə şöbələri ləğv edilməlidir. Bu, şəffaflığın artırılmasına xidmət edə bilər».

Millət vəkili həmçinin sovet dövründən qalan əmanətlərin qaytarılmasının da tezləşdirilməsini mühüm amil kimi qiymətləndirib: «Bu vəsaitin bir hissəsi heç olmasa bu il qaytarılmalıdır».

Müzakirələrdən sonra sənəd səsə qoyularaq təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR