Bank Of Baku

Azərbaycan bank sisteminin mənfəəti son bir ildə kəskin azalıb

Azərbaycan bank sisteminin mənfəəti son bir ildə kəskin azalıb
# 26 may 2010 12:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının 2010-cu ilin yanvar-aprel aylarında əldə etdiyi mənfəətin (vergi ödənilənədək) həcmi 59,94 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə mənfəət 55,41 mln. manat və ya 1,9 dəfə azazalıb.

Yanvar-aprel aylarının yekunlarına görə, aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar (48,68 mln. manat) nəzərə alınmaqla, bankların məcmu mənfəətinin həcmi 108,62 mln. manata bərabər olub ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 38,89 mln. manat və ya 26,4% azdır.

Qeyd edək ki, ötən ilin 4 ayı ilə müqayisədə bu il aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar 1,5 dəfə artıb ki, bu da bankların gəlirliyinə birbaşa təsir edir. Bundan əlavə bankların yekun mənfəətinin azalması və potensialdan daha aşağı səviyyədə olmasına səbəb bankların qeyri-faiz əməliyyatları üzrə yekun zərərlə işləməsidir. Belə ki, bankların faiz gəlirləri 340,77 mln. manat, faiz xərcləri 177,07 mln. manat təşkil etdiyi və nəticədə xalis faiz mənfəəti 163,7 mln. manat həcmində olduğu halda, bankların qeyri-faiz gəlirləri 81,35 mln. manat, qeyri-faiz xərcləri isə 136,13 mln. manat təşkil edir ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 54,78 mln. manata bərabər olan xalis zərər yaranıb.

Məlumat üçün bildirək ki, qeyri-faiz gəlirlərə investisiya gəlirləri, müştərilər tərəfindən xidmət haqları, valyuta ilə ticarətdən əldə olan gəlirlər, komisyon haqları, xəzinə veksel və kommersiya qiymətli kağızları üzrə gəlirlər, lizinq və trast əməliyyatlardan gəlirlər və s. kimi daxilolmalar aiddir. Göründüyü kimi, Azərbaycan bankları öz mənfəətini yalnız faiz əməliyyatlarından və ilk növbədə kreditləşmədən əldə edir. Yekun nəticə kimi qeyd etmək lazımdır ki, bankların faiz əməliyyatlarından əldə etdiyi mənfəətin 33,5%-i qeyri-faiz zərərinin ödənilməsinə, 29,7%-i aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalara yönəldilir ki, bundan sonra bankların yekun mənfəəti faiz mənfəətinin cəmi 36,6%-ni təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR