Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankının qiymətləndirici missiyası Azərbaycana gəlib

Avropa Yenidənqurma və İnkişaf Bankının qiymətləndirici missiyası Azərbaycana gəlib
# 31 may 2010 10:18 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə AYİB-in Bakı ofisindən məlumat verilib.

«Sözügedən səfər müntəzəm olaraq keçirilən müşavirələrin bir hissəsidir ki, bunlar da AYİB Direktorlarının Bankın fəaliyyət göstərdiyi ölkələrdəki inkişafla bağlı ən son məlumatları əldə etməsinə imkan yaradır. İyun ayının 4-dək davam edəcək səfər çərçivəsində AYİB-in nümayəndə heyəti dövlət başçısı ilə görüşəcək, həmçinin bir sıra nazirlik, qeyri-hökumət təşkilatları və aparıcı müxalifət partiyalarında da görüşlər keçirəcək. Bankın nümayəndə heyətinə daxil olan şəxslər AYİB-in Direktorlar Şurasında çalışan təmsilçilərdir», - deyə AYİB-in Bakı ofisindən bildiriilb.

Bu növ missiyalar hər 3-4 ildən bir AYİB-in müxtəlif üzv-ölkələrinə səfər edir. Səfərin məqsədi isə bank tərəfindən həmin ölkədə həyata keçirilən layihələrin gedişatı və ümumiyyətlə AYİB-in bu ölkədəki fəaliyyətinin effektivliyini müəyyənləşdirməkdir.

AYİB-in missiyasına Direktorlar Şurasında Avstriya, İsrail, Kipr, Malta, Qazaxıstan, Bosniya və Herseqovinanı təmsil edən Kurt Bayer, Portuqaliya və Yunanıstanı təmsil edən Joao Kravinho, Rumıniya, Ukrayna, Moldova, Gürcüstan və Ermənistanı təmsil edən Virginia Georgiu, İsveçrə, Türkiyə, Lixtenşteyn, Özbəkistan, Qırğızıstan, Azərbaycan, Türkmənistan, Serbiya və Monteneqronu təmsil edən Uerner Qruber, Koreya, Avstraliya, Yeni Zelandiya və Misiri təmsil edən Tae Hvan Kim, İspaniya və Meksikanı təmsil edən Pedro Moriyon, Böyük Britaniyanı təmsil edən Saymon Rey və Bolqarıstan, Polşa və Albaniyanı təmsil edən Stefka Slavova daxildir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1,5 mlrd. dolları olan 110 layihəni maliyyələşdirib. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorunun inkişaf etdirilməsinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR