Bank Of Baku

Bakı MDB maliyyə sistemlərinin inteqrasiyası və İslam bankçılığı müzakirəsi olunur

Bakı MDB maliyyə sistemlərinin inteqrasiyası və İslam bankçılığı müzakirəsi olunur
# 01 dekabr 2011 08:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. MDB ölkələrinin maliyyə bazarlarının və bank sistemlərinin inteqrasiya və əməkdaşlığının dərinləşməsi zəruridir. “APA-Economics”in məlumatına görə, bu fikir MDB-nin iştirakçısı olan dövlətlərin “MDB-nin maliyyə bazarları: qlobal qeyri-sabitlik şəraitində sabit inkişaf yolları” mövzusunda IV Bakı Beynəlxalq Bank Konfransının əsas çıxışlarında səsləndirilib.

Konfransı açan MDB-nin Maliyyə-Bank Şurasının birinci vitse-prezidenti, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev konfrans iştirakçılarını salamlayaraq bəyan edib ki, maliyyə və bank sistemlərinin inteqrasiyası, əməkdaşlığın dərinləşməsi və bir sıra digər məsələlər konfrans çərçivəsində müzakirə olunacaq.

MDB Maliyyə-Bank Şurasının prezidenti, “VTB Bank”ın İdarə Heyətinin sədri Andrey Kostin bəyan edib ki, MDB ölkələrinin bank-maliyyə bazarlarının və ümumilikdə iqtisadiyyatların davamlı inkişafı üçün ölkələrin maliyyə bazarlarının inteqrasiyası və investisiyaların cəld edilməsi əsas yoldur. A.Kostin xatırladıb ki, hazırda Avropa bazarında ciddi maliyyə sarsıntıları baş verir və bu bazar maliyyə investoru kimi artıq bağlanıb. Avropada olan böhran göstərib ki, vahid valyuta, vahid emissiyanın yaradılması, eyni zamanda maliyyə və fiskal sistemləri üzrə ciddi nəzarətin olmaması çox böyük problemlər yaradır və borc böhranına səbəb olur. A.Kostinin sözlərinə görə, müzakirə olunacaq əsas məsələlərdən biri MDB məkanında bank sistemlərində likvidliyin dəstəklənməsi və artırılması mexanizminin hazırlanmasıdır.

MDB Maliyyə-Bank Şurasının Koordinasiya Şurasının sədri Anatoliy Kazakov bəyan edib ki, hazırda müşahidə olunan maliyyə bazarlarında sarsıntıların fonunda MDB məkanında inteqrasiya və maliyyə qurumlarının əməkdaşlığının artırılması məsələləri çox aktualdır. O, Xəzər regionunda böyük potensial olduğuna görə Xəzər İnkişaf Bankın yaradılmasının zəruri olduğunu vurğulayıb. A.Kazakov deyib ki, böhrandan sonrakı dövrdə uzunmüddətli vəsaitlərin vacib olması üçün MDB məkanında İslam bankçılığının tətbiqi və bu prinsiplər əsasında fəaliyyət göstərən qurumların yaradılması istiqamətində işlər fəallaşmalıdır. Qeyd edək ki, iki günlük konfransın ikinci günü tam şəkildə İslam bankçılığına həsr olunacaq.

Rusiya Mərkəzi Bankının sədr müavini Serqey Şvetsov, MDB-nin İcraiyyə Komitəsinin sədr müavini Yevgeni Novojilov da öz çıxışlarında inteqrasiya, mövcud olan problemlərin müzakirəsi, transsərhəd layihələrinin müzakirəsi və yeni maliyyə alətlərinin tətbiqi məsələlərinə toxunublar.

Qeyd edək ki, konfrans çərçivəsində əsas müzakirə mövzusu dünya maliyyə və borc böhranı zamanı MDB məkanında bank və maliyyə qurumlarının əməkdaşlığın artırılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR