Aktivlərin strukturunda müştərilərə verilən kreditlərin həcmi noyabrın 1-nə 8 838,3 mln. manat (xüsusi çəkisi 65,5%), müxbir hesabları 978,8 mln. manat (7,2%), investisiyaların həcmi 1 275,2 mln. manat (9,4%), nağd vəsaitlər 521,2 mln. manat (3,9%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 592,0 mln. manat (4,4%), digər aktivlər isə 1 297,5 mln. manat (9,6%) təşkil edib.
Aylıq müqayisə göstərir ki, aktivlərin oktyabrda azalmasının səbəbi ilk növbədə müxbir hesabları və nağd vəsaitlərin azalması ilə bağlıdır. Müxbir hesabları ay ərzində 140,2 mln. manat, nağd vəsaitlər 74,4 mln. manat azalıb. Eyni zamanda, müştərilərə verilən kreditlərin həcmi, əksinə olaraq, oktyabrda 82,9 mln. manat artıb.
Kommersiya banklarının passivlərinin 82,6%-i bankların öhdəliklərinin payına düşür. Belə ki, bankların öhdəliklərinin həcmi 11 155,33 mln. manat təşkil edib. Öhdəliklərin tərkibində 6 084,8 mln. manat depozitlər, 4 321,3 mln. manat maliyyə sektorundan alınmış kredit və depozitlər, 749,2 mln. manat digər öhdəliklərin payına düşüb. Bankların məcmu kapitalı isə 2011-ci ilin noyabrın 1-nə 2 347,7 mln. manata bərabər olub.