Dünya Bankının yeni araşdırmasına əsasən, 2019-cu ildə Avropa və Mərkəzi Asiya regionunda pul köçürmələri üzrə ən aşağı xərclər Rusiyadan Azərbaycana yönələn transferlər üzrə olub.
"APA-Economics"in banka istinadən verdiyi məlumata görə, ümumilikdə, sözügedən regionda bu ilin I rübündə ortalama hər göndərilən 200 ABŞ dollarına xərclənən vəsait 6,48% təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 0,19 faiz bəndi azdır.
Avropa və Mərkəzi Asiya regionunda pul köçürmələri üzrə ən yuxarı xərclər isə Türkiyədən Bolqarıstana göndərilən transferlərdə qeydə alınıb. Dünya Bankının proqnozlarına görə, 2020-ci ildə bu regionda pul köçürmələrinin həcmi 28% azalacaq.
Qeyd edək ki, ötən il regionda ən çox pul köçürmələrini qəbul edən Ukrayna olub. Ölkəyə 2019-cu ildə təqribən 16 mlrd. dollarlıq rekord bir həcmdə pul köçürməsi daxil olub.