Bank Of Baku

Elman Rüstəmov: "Həm əhalimizin, həm də biznesin milli valyutanın məzənnəsinə olan inamı artıq bərpa olunmaqdadır"

Elman Rüstəmov: "Həm əhalimizin, həm də biznesin milli valyutanın məzənnəsinə olan inamı artıq bərpa olunmaqdadır"
# 14 aprel 2020 22:54 (UTC +04:00)

"Birinci rübün başlıca yekunlarından biri ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılmasıdır. Baxmayaraq ki, artıq Sizin də qeyd etdiyiniz kimi, birinci rübün sonunda bütövlükdə dünya bazarlarında baş verən hadisələr ölkəmizdən də yan keçməyib. Mart ayında baş verən bir qədər tənəzzülə baxmayaraq, ölkədə iqtisadi aktivlik davam edib. İnflyasiya bir qədər artsa da, bu, onunla əlaqədardır ki, karantin şəraitində insanların istehlak fəallığı bir qədər artdı, onlar müəyyən ehtiyatlar yaratdı. İnflyasiya bir qədər artsa da, bizim rəsmi proqnozlardan, təxminən 4,6 faizlik proqnozdan hələ aşağıdır".

APA xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə deyib.

Sədrin bildirdiyinə görə, ixrac gəlirlərinin, xüsusilə neft ixrac gəlirlərinin bir qədər azalmasına baxmayaraq, bütövlükdə ölkəmizin ticarət balansı profisitlidir və qeyri-neft ixracı birinci rüb ərzində artıb: "Bizi əhatə edən qonşu ölkələrdə, bizim ticarət tərəfdaşımız olan ölkələrdə milli valyutanın məzənnələrində dalğalanmalara baxmayaraq, manatın məzənnəsi rüb ərzində sabit qalıb.

Birinci rübdə Sizin verdiyiniz tapşırıqların icrası nəticəsində bank sektorunda da müsbət dinamika müşahidə olunur. Cənab Prezident, bütövlükdə rüb ərzində kredit qoyuluşları 2,2 faiz artıb. Lakin bu zaman biznes kreditləri daha yüksək templə - 3,7 faiz, ipoteka kreditləri 4,2 faiz artıb və o cümlədən istehlak kreditləri rüb ərzində 1,9 faiz azalıb".

E.Rüstəmov deyib ki, bütövlükdə bu proseslərlə əlaqədar fiziki və hüquqi şəxslərin depozitlərinin bir qədər dollarlaşması müşahidə olunur. Dollarlaşma fiziki şəxslər üzrə 2,8 faiz, hüquqi şəxslər üzrə 1,4 faiz yüksəlib: "Amma artıq aprel ayının birinci ongünlüyünün monitorinqi göstərir ki, artıq əks proses, dedollarizasiya trendləri başlanıb. Bu, onu göstərir ki, həm əhalimizin, həm də biznesin milli valyutanın məzənnəsinə olan inamı artıq bərpa olunmaqdadır. Yaranmış qeyri-adi situasiyada ödəniş sistemləri aktiv fəaliyyət göstərir, bütövlükdə rüb ərzində ödəniş sistemində qeyri-nağd ödənişlər 3,6 faiz artıb, amma bütünlükdə nağdsiz kart ödənişləri 36 faiz artıb. Bu da onu göstərir ki, yaranmış indiki situasiyada əhali daha çox təmassız elektron ödənişlərə və elektron ticarətə üstünlük verir.

Bir daha qeyd etmək istəyirəm, cənab Prezident, yaranmış şəraitdə bilirsiniz ki, olduqca böyük bir əhali qrupu, xüsusilə yaşı 65-dən yuxarı olan əhali - 648 min nəfərin, 12 min nəfər ahıl insanın bank sektoruna gəlmək imkanı yoxdur. Nazirlər Kabineti ilə sıx koordinasiyada Mərkəzi Bank və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə əhalinin evdən çıxmadan bu ödənişləri vaxtında alması təmin olunub. O cümlədən belə bir situasiyada 153 mindən çox fermer kartı paylamalı idik və artıq bunun böyük əksəriyyəti - 120 mindən çox fermer kartı əhaliyə paylanıb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR