"Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC 5 milyon manat həcmində yeni istiqraz emissiyası həyata keçirəcək.
"APA-Economics" xəbər verir ki, BFB Listinq Komitəsinin 8 iyul 2026-cı il tarixli qərarı ilə bankın AZ2009004584 ISIN kodlu istiqrazlarının ticarətə buraxılmasına icazə verilib.
Məlumata görə, istiqrazlara abunə yazılışı 10 iyul 2026-cı il tarixində başlayacaq və 31 iyul 2026-cı il tarixinədək davam edəcək. Qiymətli kağızların yerləşdirilməsi isə 4 avqust 2026-cı il tarixində həyata keçiriləcək.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan ümumilikdə 50 min ədəd faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqraz buraxılır. Beləliklə, emissiyanın ümumi həcmi 5 milyon manat təşkil edir.
İstiqrazların illik gəlirliliyi 10% müəyyən edilib. Faiz gəlirləri istiqrazların ilk yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir investorlara ödəniləcək. İstiqrazların tədavül müddəti isə 2 il olacaq.
İstiqrazların anderrayteri "ABB-İnvest" İnvestisiya Şirkəti QSC-dir.