Azərbaycan Beynəlxalq Bankı (ABB) 2022-ci ilin yanvar-sentyabr ayları üzrə maliyyə hesabatını açıqlayıb.
"APA-Economics" xəbər verir ki, ABB bu dövrü yüksək mənfəətlə başa vurub.
Belə ki, 3-cü rübün nəticələrinə görə, ABB-nin faiz gəlirləri 402,7 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 24% çox), faiz xərcləri isə 59,1 milyon manat (13,2% az) olub. Nəticədə ABB-nin xalis faiz gəliri 343,6 milyon manat təşkil edib. Bu ötən ili eyni dövrünə nisbətən 34,5% və ya 88 milyon manat çoxdur.
Bu dövrdə ABB-nin qeyri-faiz gəlirləri 133,2 milyon manat (3,1% çox), qeyri-faiz xərcləri 195 milyon manat (26,6% çox) olub. Nəticədə bank ilin 3-cü rübünü 282 milyon manat əməliyyat mənfəəti ilə başa vurub.
Bank mümkün zərərlər üçün ehtiyatlara ayırmaları 4,1 dəfə artıraraq 32,7 milyon manata, mənfəət vergisi ödənilməsini isə 62,5% artıraraq 39,1 milyon manata çatdırıb. Nəticədə ABB 2022-ci ilin 3-cü rübünü 209,9 milyon manat xalis mənfəətlə tamamlayıb. Bu da ötən ilin eyni dövrünə nisbətən 6,4% çoxdur.
İlin əvvəlindən indiyədək ABB bankın aktivləri 948 milyon manat və ya 8,3% artaraq 12 milyard 432 milyon manatı keçib.
Bu dövrdə bankın ümumi kredit portfeli 3 milyard 518 milyon manata çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 419 milyon manat artıqdır. Təkcə son 3-cü rübdə bankın kredit portfeli 80 milyon manata yaxın artıb.
3-cü rübün sonuna ABB-nin başqa banklarda yerləşdirdiyi depozitlərin həcmi rekord həddə çatıb – 4 milyard 286 milyon manat. İlin əvvəli ilə müqayisədə bu göstərici 9 dəfə artıb.
Ümumiyyətlə bank nağd vəsaitlərini başqa banklarda depozit kimi yerləşdirməyə başlayıb. Nəticədə ABB-də nağd vəsaitlərin həcmi ilin əvvəlindəki 6,4 milyard manatdan hazırda 2,9 milyard manata enib.
Hesabat dövründə ABB-nin öhdəlikləri 8,3% və ya 835 milyon manat artaraq 3-cü rübünün sonuna 10 milyard 881 milyon manata yüksəlib. Bankın depozit portfeli 17% və ya 1,4 milyard manat artaraq 9 milyard 662 milyon manata çatıb.
Bankın bu ilin doqquz ayı ərzində əldə etdiyi təqribən 210 milyon manat vəsait bankın kapitalının artırılmasına sərf edilib. Nəticədə ABB-nin cəmi kapitalı 8,4% artaraq 1 milyard 550 milyon manata yüksəlib.