“Azərbaycan Sənaye Bankı” ASC 2022-ci ilin yanvar-sentyabr ayları üzrə maliyyə hesabatını açıqlayıb.
“APA-Economics” xəbər verir ki, bu dövrdə xalis mənfəəti artasa da, bank ümumilikdə kiçilib.
Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında bankın xalis mənfəəti 4,337 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə çoxdur. 2021-ci ilin 9 ayı üzrə bank 1,716 milyon manat xalis mənfəət açıqlamışdı.
Bu ilin oktyabrın 1-nə “Azərbaycan Sənaye Bankı” cəmi aktivləri 12% və ya 98,5 milyon manat azalaraq 714,112 milyon manat təşkil edib.
Aktivlərin kəskin azalması ASB-nin başqa banklardakı depozit portfelinin 21,4% və ya 99,5 milyon manat azalması nəticəsində baş verib. Başqa sözlə, bankın digər banklardakı depozit portfeli 467,2 milyon manatdan 367,7 milyon manata enib.
İlin əvvəlindən bankın kredit portfeli isə 2,5% böyüyüb. Belə ki, müştərilərə verilmiş kreditlərin həcmi 249,3 milyon manata çatıb.
Bu dövrdə bankın cəmi öhdəlikləri 14,4% azalaraq 605,2 milyon manata, o cümlədən depozit portfeli 14,6% və ya 75 milyon manat azalaraq 438,5 milyon manata enib.
Hesabat dövründə ASB-nin cəmi kapitalı isə 2,8% artaraq 108,9 milyon manata yüksəlib.