Paşha Bank
Bank Of Baku

DVX rəsmisi: Dövlət büdcəsinə ödənilən vergilərin 92%-dən çoxu könüllü şəkildə bəyan olunur

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva

© APA | Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva

# 13 noyabr 2026 10:39 (UTC +04:00)

Dövlət büdcəsinə ödənilən vergilərin 92 faizdən çoxu könüllü şəkildə bəyan olunur. Bu nəticənin əldə edilməsində vergi öhdəliklərinin icrasının sadələşdirilməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi və vergi bəyannamələrinin əvvəlcədən doldurularaq təqdim edilməsini nəzərdə tutan prefiling sisteminin tətbiqinin mühüm rol oynayır.

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Azərbaycan Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə Bakıda keçirilən “Hüquq və uyğunluq” forumunda çıxışında bildirib.

Çıxışında dayanıqlı inkişafın təmin olunmasında və biznes mühitinin təkmilləşdirilməsində uyğunluğun roluna toxunan Samirə Musayeva könüllü vergi əməletməsinin təşviqi və risklərin vaxtında müəyyənləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.

O, bildirib ki, biznes mühitində uyğunluq prinsiplərinin formalaşdırılması üçün preventiv tədbirlərin həyata keçirilməsi, transmilli şirkətlərin fəaliyyətində isə beynəlxalq uyğunluq standartlarına riayət olunması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan beynəlxalq vergi əməkdaşlığının genişləndirilməsi və vergi şəffaflığının təmin edilməsi istiqamətində bir sıra mühüm təşəbbüslərə qoşulub. Bunlara İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) və G20-nin Vergitutma Bazasının Aşınması və Mənfəətin Köçürülməsi (BEPS) üzrə İnklüziv Çərçivəsi, “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında” Konvensiya, eləcə də “Vergi sazişləri ilə bağlı tədbirlərin vergitutma bazasının aşınmasının və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə tətbiqinə dair Çoxtərəfli Konvensiya” daxildir. Azərbaycan, həmçinin maliyyə hesabları və transmilli şirkətlərin ölkələrarası hesabatları üzrə məlumat mübadiləsinə dair çoxtərəfli razılaşmalarda iştirak edir.

Rəis müavini beynəlxalq vergi standartlarının tətbiqinin, məlumat mübadiləsinin genişləndirilməsinin və şəffaflığın gücləndirilməsinin müxtəlif ölkələrdə fəaliyyət göstərən şirkətlərin vergi öhdəliklərini düzgün yerinə yetirməsi baxımından əhəmiyyətini vurğulayıb.

Samirə Musayeva müasir vergi inzibatçılığının əsas hədəflərindən birinin sahibkarların vergi öhdəliklərini könüllü yerinə yetirməsi üçün əlverişli şərait yaratmaq, biznes əməliyyatlarını vaxtında və düzgün təhlil etmək, effektiv risk idarəetmə mexanizmləri formalaşdırmaq olduğunu bildirib. Onun sözlərinə görə, biznes subyektlərinin ehtiyaclarının öyrənilməsi, qanunvericiliyə əməl olunmasının təşviqi, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və üfüqi monitorinq sisteminin inkişaf etdirilməsi bu istiqamətdə əsas prioritetlərdəndir.

O, sahibkarlara potensial biznes tərəfdaşları barədə məlumat əldə etmək, onların iqtisadi resurslarını, işçi qüvvəsini, fəaliyyət təcrübəsini və vergi öhdəliklərinə əməl etmə tarixçəsini qiymətləndirmək imkanı verən “Kontragentləri araşdır” elektron xidmətinin əhəmiyyətini də diqqətə çatdırıb. Bildirib ki, bu xidmət biznesə dövlət dəstəyinin mühüm istiqamətlərindən biri olmaqla, könüllü vergi əməletməsinin yüksəldilməsinə və bizneslə dövlət arasında etimadın möhkəmləndirilməsinə xidmət edir.

Samirə Musayeva dövlət büdcəsinə ödənilən vergilərin 92 faizdən çoxunun könüllü şəkildə bəyan olunduğunu qeyd edib. Bu nəticənin əldə edilməsində vergi öhdəliklərinin icrasının sadələşdirilməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi və vergi bəyannamələrinin əvvəlcədən doldurularaq təqdim edilməsini nəzərdə tutan prefiling sisteminin tətbiqinin mühüm rol oynadığını vurğulayıb.

Dövlət orqanlarından ictimai gözləntilərin yüksək olduğunu bildirən rəis müavini vergi orqanlarının hər il fəaliyyətlərinin nəticələrinə dair hesabatları ictimaiyyətə təqdim etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu hesabatlarda biznesin inkişaf göstəriciləri və könüllü vergi əməletməsinin təşviqi istiqamətində görülən işlər də əks olunur.

Samirə Musayeva bizneslə dialoqun könüllü vergi əməletməsinin yüksəldilməsində mühüm rol oynadığını bildirib. O, sahibkarların təklif və gözləntilərinin öyrənilməsinin vergi tənzimləmələrinin daha effektiv təşkilinə imkan yaratdığını, Vergi Məcəlləsinə edilmiş bir sıra dəyişikliklərin də məhz biznes subyektlərindən daxil olan təkliflər əsasında hazırlandığını qeyd edib.

Rəis müavini bizneslə dövlət arasında etimadın gücləndirilməsinin, qarşılıqlı dialoqun inkişaf etdirilməsinin və könüllü vergi əməletməsinin təşviqinin dayanıqlı iqtisadi inkişafın mühüm şərtləri olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR