Hesablama Palatasının apardığı auditlər dövlət sektorunda strateji planlaşdırma və nəticəəsaslı idarəetmə sahəsində müəyyən boşluqların olduğunu göstərir.
“APA-Economics” xəbər verir ki, bunu Hesablama Palatasının Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.
Onun sözlərinə görə, dövlət maliyyəsinin idarə edilməsində səmərəlilik, nəticəlilik və qənaətlilik əsas prinsiplərdən biridir.
Z. Vəliyev qeyd edib ki, performans büdcələşdirilməsinin əsas məqsədi dövlətin büdcə vəsaitləri hesabına təqdim etdiyi xidmətlərin keyfiyyətini artırmaq, performans auditinin məqsədi isə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə töhfə verməkdir.
“Hesablama Palatasının auditləri göstərir ki, bu gün dövlət sektorunda strateji planlaşdırma ilə bağlı müəyyən boşluqlar var və bu istiqamətdə daha ciddi irəliləyişə ehtiyac duyulur”, – deyə o bildirib.
Z. Vəliyev vurğulayıb ki, strateji planlaşdırma, fəaliyyətin icrası və nəticələrin qiymətləndirilməsi bir-birini tamamlamalıdır.
Onun sözlərinə görə, dövlət sektorunda nəticəəsaslı idarəetmə mexanizmlərinin tətbiqi zamanı müəyyən institusional və psixoloji maneələr də müşahidə olunur.
Palata rəsmisi əlavə edib ki, rəqəmsallaşma dövlət maliyyəsinin idarə edilməsində nəticələrin qiymətləndirilməsi və səmərəliliyin artırılması baxımından yeni imkanlar yaradır.