2025-ci ilin 9 ayında dövriyyədə olan notların qalığı bank sistemindəki vəziyyətdən asılı olaraq dəyişkən olmuş, avqust ayında 744.2 mln. manat olmaqla özünün maksimumuna çatıb.
Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, sentyabr ayının sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı isə 622.4 mln. manat təşkil edib.
Qeyd edilib ki, 2025-ci ilin 9 ayı ərzində açıq bazar əməliyyatları qismində likvidliyin tənzimlənməsində dəstəkləyici alət kimi 28 günlük (1 ay), 84 günlük (3 ay), 168 günlük (6 ay) və 252 günlük (9 ay) notların yerləşdirilməsi üzrə hərracların keçirilməsi davam etdirilmişdir. Ümumilikdə, dövr ərzində Mərkəzi Bankın təşkil etdiyi müxtəlif müddətli not hərraclarının 118-i baş tutmuşdur. Baş tutan hərraclardan 30-u 28 günlük, 29-u 84 günlük, 30-u 168 günlük, 29-u isə 252 günlük notlar üzrə olub.
Son hərraclarda formalaşan gəlirlilik 28 günlük notlar üzrə 6.92%, 84 günlük notlar üzrə 6.94%, 168 günlük notlar üzrə 6.99%, 252 günlük notlar üzrə isə 7.06% olub.