Bank Of Baku

2017-ci il ərzində qeyri-neft sektoru üzrə ixrac 1,5 milyard olub

2017-ci il ərzində qeyri-neft sektoru üzrə ixrac 1,5 milyard olub
# 18 yanvar 2018 09:35 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin yanvar ayı üçün sayı təqdim olunub.

 

Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, 2017-ci il ərzində qeyri-neft sektoru üzrə ixrac 1 mlrd. 538 mln. ABŞ dolları təşkil edib. Nəticədə 2016-cı illə müqayisədə 2017-ci ildə qeyri-neft sektoru üzrə ixrac 24% artıb. Qeyd edilən müddətdə ixrac əməliyyatlarında 1923 subyekt iştirak edib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2017-ci il ərzində ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına (553 mln. ABŞ dolları) ixrac edilib.

 

2017-ci il ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinci olub (151,6 mln. ABŞ dolları). Bu siyahıda ikinci yeri qızıl (125,4 mln. ABŞ dolları), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (114.5 mln. ABŞ dolları) tutub.

 

Ümumiyyətlə isə ötən il ərzində meyvə-tərəvəz ixracı 503 mln., alüminium və ondan hazırlanan məmulatların ixracı 118 mln., plastmassa və onlardan hazırlanan məmulatların ixracı 101 mln., qara metallar və onlardan hazırlanan məmulatların ixracı 83 mln., kimya sənayesi məhsullarının ixracı 80 mln., pambığın ixracı 52 mln., elektrik enerjisinin ixracı 51 mln., şəkərin ixracı 39 mln., çayın ixracı 10 mln. ABŞ dolları təşkil edib.

 

Qeyd edək ki, 2016-cı illə müqayisədə 2017-ci ildə pambığın ixracı 2,1 dəfə, elektrik enerjisinin ixracı 80%, tütün və tütünün sənaye əvəzedicilərinin ixracı 72%, çayın ixracı 66%, kimya sənayesi məhsullarının ixracı 42%, meyvə-tərəvəzin ixracı 35%, alüminium və ondan hazırlanan məmulatların ixracı 20%, spirtli və spirtsiz içkilərin ixracı 17%, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 2% artıb.

 

Ötən ilin dekabr ayında isə qeyri-neft sektoru üzrə 457 subyekt tərəfindən 151,7 mln. ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib.

 

Dekabr ayı üzrə ixrac olunan əsas mallar xurma, tomat (pomidor) qabığı təmizlənmiş meşə fındığı, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda), alma, metanol (metil spirti)  və s. olub. Dekabr ayında xurmanın ixracının dəyəri 20,9 mln. ABŞ dolları, pomidorun  ixracının dəyəri  11,4 mln. ABŞ dolları və qabığı təmizlənmiş meşə fındığının ixracının dəyəri 9,9 mln. ABŞ dolları təşkil edib.

 

Ümumiyyətlə 2017-ci ildə 2016-cı illə müqayisədə pomidor ixracı 61%, xurma ixracı 32%, fındıq ləpəsi ixracı 9%, almanın ixracı 30% artıb.  2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycandan ixrac olunun malların çeşidi də 9% çoxalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR