Bakı - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Bakının Nizami rayonunda yerləşən “8-ci kilometr” Ticarət Mərkəzi” səhmdar cəmiyyətinin səhmlərinin 99,89%-nin satılması üzrə investisiya müsabiqəsi elan edib.
ƏMDK-dan “APA-Economics”ə verilən məlumata görə, 514,981 min ədəd səhmin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının investisiya proqramlarına müəssisənin ticarət (xidmət) sahəsində fəaliyyətinin inkişafı, onun beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi və ya digər fəaliyyət sahələrinin təşkili; mərkəzin ərazisindəki tikili və qurğuların təmiri və bərpası; fəaliyyət sahəsindən asılı olaraq avadanlıq alınması; ərazinin abadlaşdırılması; işçilərin sosial təminatı və yeni iş yerlərinin açılması üzrə təkliflər daxil edilməlidir.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 312 min manat köçürməlidir.
Qaliblə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu tarixdən etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi müsabiqə təklifində səhmlərə görə nəzərdə tutulmuş vəsaitləri 60 gün ərzində dövlət büdcəsinə, bəyan edilmiş sərmayələrin həcminin 5%-ni isə SC-nin hesabına köçürməlidir.
Müsabiqə təklifləri 2015-ci il yanvarın 14-nə qədər qəbul ediləcək. Təkliflər yanvarın 16-da qiymətləndiriləcək.
“8-ci kilometr” Ticarət Mərkəzi SC 1980-ci ildə istifadəyə verilib. Səhmdar cəmiyyətdə 40 nəfər işləyir. 2014-cü il dekabrın 1-nə SC-nin nizamnamə kapitalı 1 mln. 31,082 min manata bərabərdir, o nominal dəyəri 2 manat olan adi səhmlərə bölünüb.
2014-cü il dekabrın 1-nə SC-nin öhdəlikləri 44,432 min manata bərabərdir.