Bakı. Musa Əhmədov - APA-Economics. “AFB Bank”nin aktivlərinin həcmi 2014-cü ilin III rübündə 311,988 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 36,47% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 28,35% artaraq 216,551 mln. manat olub.
İstehlak kreditlərinin həcmi 46,994 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin oktyabrın 1-nə olan göstəriciyə nisbətən 56,35% çoxdur.
İpoteka kreditlərinin həcmi 20,840 mln. manat təşkil edib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 3,03 dəfə çoxdur və kreditlərin 18,667 mln. manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür .
Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 46,71% azalaraq 7,382 mln. manat olub.
Bankın depozit portfeli hesabat dövrü ərzində 15,33% artaraq 74,349 mln. manata çatıb, əhalinin əmanətlərinin həcmi isə 5,478 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 6,71% çoxdur.
Bir il ərzində bankın məcmu kapitalı 29,69% artaraq 66,141 mln. manata çatıb, nizamnamə kapitalı isə 33,26% artaraq 59,720 mln. manat təşkil edib.
Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 35,69% artaraq 23,028 mln. manat, xərcləri isə 45,96% çoxalaraq 18,263 mln. manata çatıb.
Cari ilin doqquz ayı ərzində bankın əldə etdiyi mənfəət 4,765 mln. manat təşkil edib.
Hazırda bankın ölkə üzrə 14 filialı, 39 bankomatı, 1059 POS-terminalı fəaliyyət göstərir.