“AzerGold” QSC Çovdar qızıl filiz mədənində mədən partlatma, süxur daşıma, xırdalama və ələmə işlərinin satın alınması ilə bağlı tender elan edib.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, tender iştirakçıları öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “AzerGold” QSC-nin Xocalı prospekti 55 ünvanında yerləşən ofisinə göndərməlidir.
Tenderdə iştirak haqqı 500 manat təşkil edir. İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün yazılı müraciət etməli, iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi, tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır), tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır), Azərbaycanda vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış, Dövlət Sosial Müdafiə Fondundan arayış, iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı, müəssisənin təcrübəsi haqqında, eləcə də müəssisənin son 1 ildə maliyyə dövriyyəsi haqqında məlumatı şirkətə təqdim etməlidir.
Təkliflər dəyərləndirilərkən, son 5 il ərzində qızıl, əlvan metal və digər mədən sahələrində illik 500 min kubmetrdən çox mədən partlatma işləri, illik 1 milyon tondan çox filiz (süxur) daşıma işləri, aylıq 50 min tondan çox qaya süxurlarının xırdalanması və ələnməsi işləri sahəsində təcrübəyə malik şirkətlərə üstünlük veriləcək:
İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12 dekabr 2016-cı il tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 21 dekabr 2016-cı il, saat 17:00-a qədər “AzerGold” QSC-yə təqdim etməlidirlər.
İddiaçıların təkliflərinə dekabrın 22-də baxılacaq.