Bakı. Yeganə Laçınzadə - APA-Economics. Qorunan əmanətlər üzrə faiz dərəcələrinin artırılması təklif etdiyimiz depozitlərin faizləri üzrə artıma səbəb ola bilər, lakin bu, kreditlər üzrə faiz dərəcələrinə təsir etməyəcək.
Bu barədə “Bank Technique”dən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib.
“Hal-hazırda kreditlər üzrə faiz dərəcələrinin artımı gündəmdə deyil. Buna səbəb isə bankın kifayət qədər dayanıqlı mövqeyinin olmasıdır. Hazırkı makroiqtisadi vəziyyəti nəzərə alaraq bu istiqamətdə işlər davam etdiriləcək”, - deyə bankdan bildirilib.
Son günlər kredit götürənləri daha çox maraqlandıran “Dollarla kredit götürənlərə hər hansı güzəşt nəzərdə tutulurmu” sualına cavab olaraq isə bildirilib ki, kredit ödənişləri imzalanmış müqavilədə qeyd edilmiş şərtlərə uyğun aparılır. Məlumata görə, “Bank Technique”də kreditin verilməsi şərtləri və risklər nəzərə alınarsa, demək olar ki, problemli kredit portfelinin həcmində artım müşahidə olunmayacaq.
Bankdan bildirilib ki, Əmanətlərin Sığortalanması Fondunun fevralın 23-də keçirilən növbədənkənar iclasında qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 9%-dən 12%-ə qaldırılması barədə qərarı depozit portfelinin artımına yönələn bir addımdır. “Bank Technique” dayanıqlı banklar üçün müsbət qərar olan bu addımın atılmasını dəstəkləyir. Bu qərarı nəzərə alaraq, bank tərəfindən təqdim olunan “Sığortalı” əmanətinin illik faiz dərəcəsi 12%-ə qaldırılıb, digər əmanətlər üzrə də faiz dərəcəsi artırılıb.
Qeyd edək ki, manatın devalvasiyası ilə əlaqədar bankın kredit siyasətinə gəlincə, hal-hazırda bu sahədə araşdırmalar aparılır və risklər qiymətləndirilir. Nəticənin nədən ibarət olacağı isə müəyyən müddətdən sonra ictimaiyyətə açıqlanacaq.