Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin aprel ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,7% bahalaşıb, sərnişindaşıma tarifləri isə 0,2% ucuzlaşıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hava nəqliyyatında MDB ölkələri, həmçinin, digər xarici ölkələr üzrə sərnişindaşıma tarifləri 1,3% ucuzlaşıb, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,6% bahalaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.
Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,2% bahalaşıb, sərnişindaşıma tarifləri isə dəyişməyib.
Aprel ayında boru kəməri vasitəsilə neftin və qazın nəql olunma tarifləri müvafiq olaraq 5,5% və 0,1% bahalaşıb. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.