Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Buenos-Ayres şəhərində Azərbaycan-Argentina ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iclasda iştirak etmək üçün İşçi Qrupunun həmsədri, iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Argentinada səfərdə olub. Nümayəndə heyətinə Maliyyə, Kənd Təsərrüfatı, Rabitə və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər, Vergilər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, ARDNŞ, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin əməkdaşları daxil idi.
İşçi Qrupunun iclası iqtisadiyyat və sənaye nazirinin müavini S. Babayev və Argentina tərəfindən həmsədr, beynəlxalq iqtisadi münasibətlər üzrə dövlət katibi Karlos Bianko arasında görüşlə başlayıb və hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. İclasda Azərbaycan və Argentina arasında son illər əlaqələrin inkişafında müşahidə edilən müsbət dinamikadan məmnunluq ifadə olunub, iqtisadi, ticarət, sərmayə üzrə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Kənd təsərrüfatı, ərzaq məhsullarının emalı, yüksək texnologiyalar, enerji, əczaçılıq sahələri Azərbaycan və Argentina arasında prioritet əməkdaşlıq istiqamətləri kimi qeyd olunub, bu sahələrdə mümkün birgə layihələr nəzərdən keçirilib. İqtisadi əlaqələrin inkişafı üçün iki ölkə arasında müvafiq normativ hüquqi bazanın gücləndirilməsinin vacibliyini bildirən tərəflər, bu istiqamətdə səylərin davam etdiriləcəyini vurğulayıblar.
S. Babayev Azərbaycanın inkişaf strategiyası, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və infrastruktur layihələri barədə məlumat verib. İclasda həmçinin, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi diqqətə çatdırılıb, Ermənistanın işğalçı siyasətinin regionun inkişafına başlıca maneə olduğu bildirilib.
İclasda Argentinanın Beynəlxalq iqtisadi münasibətlər üzrə dövlət katibi Karlos Bianko bu ilin sentyabrında BMT Baş Assambleyasında "Suveren borcla bağlı çoxtərəfli hüquqi çərçivənin qurulmasına dair qətnamə"nin qəbuluna yeganə Cənubi Qafqaz regionu ölkəsi kimi Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkür edib və bunun Argentina hökuməti tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Sonda Azərbaycan-Argentina ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi İşçi Qrupunun həmsədrləri – Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev və Argentinanın beynəlxalq iqtisadi münasibətlər üzrə dövlət katibi Karlos Bianko imzalayıblar. Protokolda iclas çərçivəsində müzakirə olunmuş məsələlər və gələcək fəaliyyət istiqamətləri öz əksini tapıb. Tərəflər həmçinin, Azərbaycan-Argentina ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun növbəti iclasının Azərbaycanda keçiriləcəyi barədə razılığa gəliblər.
Səfər çərçivəsində S. Babayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman, Sənaye Nazirliyinin kiçik və orta müəssisələr və regional inkişaf üzrə dövlət katibi Horasio Raura və strateji sənaye planlaşdırılması üzrə dövlət katibi Horasio Sepeda ilə görüşüb. Görüşlərdə ölkələr arasında iqtisadi əlaqələr, o cümlədən sənaye sahəsində əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi, eləcə də əlaqələrin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan nümayəndə heyəti Argentinanın yüksək texnologiyalar və əczaçılıq sahələrində fəaliyyət göstərən müəssisələrində də olub.